Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi(MTN) İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Vüsal Ələkbərov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı əvəz olunmasını istəyib.
Vəsatət təmin olunmayıb.
Proses zərərçəkmiş Nizami Kazımovun epizodu üzrə davam edib.
Məhkəməyə şahid qismində çağırılan general Mövlan Şıxaliyev isə məhkəmə gəlməyib. Bildirilib ki, onun telefonlarına zəng çatmır.
Bundan həmin epizod üzrə şahid dinləmələri keçirilib.
Proses fevralın 9-da davam edəcək.
Qeyd edək ki, Vüsal Ələkbərov MTN-də İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi olub. Ona Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.