Yanvarın 23-də millət vəkili Aydın Mirzəzadənin sürücüsünün törətdiyi ağır yol-nəqliyyat hadisəsi ilə bağlı təyin edilmiş avtotexniki ekspertizanın nəticəsi məlum olub. Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsindən Lent.az-a verilən məlumata görə, yanvarın 23-də saat 06:50-də Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisində Qocayev Faiq Əşrəf oğlu idarə etdiyi, “Aztelekom” İstehsalat Birliyinə məxsus “Honda-Accord” markalı, 10 PD 199 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 1955-ci il təvəllüdlü Cavadova Mariya Hidayətovnanı vurması ilə bağlı təyin edilmiş ekspertiza sürücünün günahkar olması qənaətinə gəlib. ekspertizanın rəyində bildirilir: “Yol Hərəkəti haqqında Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbi pozulub. Yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinədək azaltmaq üçün bütün tədbirləri görməlidir”.
Məhkəmə Ekspertiza Mərkəzi F.Qocayevin hadisə zamanı avtomobili dayandırmaq üçün bütün tədbirləri görmədiyini müəyyən edib və sürücünün baş vermiş qəzada günahkar olması qənaətinə gəlib.
Fakta görə Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı yekunlaşmaq üzrədir. F.Qocayev barəsində isə iltizam qəti-imkan tədbiri seçilib.
Qeyd edək ki, yol nəqliyyat hadisəsi zamanı Ağdam rayonunda keçiriləcək tədbirdə iştirak etmək üçün səfərə çıxmış Milli Məclisinin deputatları Aydın Mirzəzadə və Elman Məmmədov sərnişin qismində avtomobildə olublar.