Azərbaycanın hüquq müdafiəçiləri prezident İlham Əliyevin bu gün imzaladığı əfv barədə sərəncamı yüksək qiymətləndirirlər. Bu barədə APA-ya Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib.
S.Qocamanlı bildirib ki, prezidentin imzaladığı əfv sərəncamında AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin siyahısında yer alan 14 nəfərin adı var. «Həmçinin Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun prezidentə yazdığı məktubda olan şəxslərin adları da bu əfv sərəncamda var. Ümid edirik ki Avropa Şurasının qış sessiyasında bu addım müsbət qiymətləndiriləcək. Biz hüquq müdafiəçiləri olaraq bu addımı yüksək qiymətləndiririk», deyə S.Qocamanlı bəyan edib.