Jurnalist Əfqan Muxtarlı barəsində prokurorluq orqanı tərəfindən həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatətə baxılıb.
Vəkil Nemət Kərimlinin Lent.az-a verdiyi məlumata görə, Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə vəkillər hakimdən məhkəmə sədrinə etiraz veriblər: "Həmin hakim Əfqan Muxtarlının işinə bir dəfə baxdığı üçün sədrə etiraz verdik. Prosesdə buna baxılmadı. Qərarı məhkəmə sədri verəcək".
Xatırladaq ki, istintaq orqanı Ə. Muxtarlının həbs müddəti iki ay uzadılmadırması ilə bağlı vəsatət verib.
Baş Prokurorluq tərəfindən yayılan rəsmi məlumatda bildirilib ki, Ə. Muxtarlı mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb.
Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.