Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mayın 17-də Mingəçevirdə vətəndaşları qəbul edərək, onların müraciətlərini dinləyib. APA-nın məlumatına görə Mingəçevir, Şəki, Naftalan, Zaqatala, Balakən, Qax, Ağdaş, Goranboy, Xocalı, Bərdə, Tərtər, Ağdam rayonlarından olan vətəndaşlar üzləşdikləri problemlərin və onları narahat edən bəzi məsələlərin həllinə kömək göstərməyi nazirdən xahiş ediblər. Nazir gün ərzində 50-ə yaxın vətəndaşı qəbul edib. Nazir qəbul zamanı mədəniyyət müəssisələrinin, qədim mədəniyyət abidələrinin təmir və bərpası, işlə təmin, əl işlərinin fərdi satış sərgisinin təşkili, musiqi alətləri, rəqs və səhnə geyimlərinə olan ehtiyacla bağlı müraciətləri qəbul edib.
Qəbulda nazir vətəndaşların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir şəxsin müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturlara tapşırıqlar verib. Vətəndaşların bir sıra müraciətləri yerindəcə həll edilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.