Hava limanında Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşında çəkisi 314,57 qram olan və 750 əyarlı qızıldan hazırlanan zərgərlik məmulatları aşkarlanıb.
Dövlət Gömrük Kimotəsindən Lent.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı həmin yükə təkrar gömrük baxışı keçirib və bu zaman Sevinc Şirinovaya məxsus əl çantasından, qabaqcadan gömrük nəzarətinə təqdim olunmayan, nə elektron, nə də yazılı formada bəyan edilən 11 cüt sırğa, 4 ədəd üzük, 2 ədəd boyunbağı, 4 ədəd qolbağ, 5 ədəd kulonlu boyunbağı aşkar olunub.
Sonra isə S.Şirinovanın üzərində aparılmış şəxsi yoxlama zamanı gömrük nəzarətinə təqdim olunmayan 2 ədəd bilərzik, 2 ədəd boyunbağı və 1 cüt sırğa aşkar edilib.
Faktla bağlı izahatında S.Şirinova aşkar edilən zərgərlik məmulatlarını Dubay şəhərindən aldığını bildirib, həmin əşyaları bəyan etməməsinin səbəbini isə qanunvericiliyi bilməməsi ilə əlaqələndirib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, sözügedən predmetlər ümumi çəkisi 314,57 qram olan və 750 əyarlı qızıldan hazırlanan zərgərlik məmulatları olub.
Faktla bağlı araşdırma aparılır.