Bakı Apelyasiya Məhkəməsində dostunu öldürməkdə təqsirli bilinən Mingəçevir şəhər sakini, 1996-cı il təvəllüdlü Yasin Hüseynovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə apelyasiya şikayəti üzrə ilkin baxış iclası olub. Məhkəmə baxışı mayın 21-nə təyin edilib.
Qeyd edək ki, Yasin Hüseynov 2014-cü il sentyabrın 25-də axşam saat 19 radələrində Araz küçəsi, 1 ünvanında yerləşən toxuculuq kombinatının qarşısında, metronun “Ulduz” stansiyasının yaxınlığında aralarında yaranmış mübahisə zəminində tanışı - Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Rahib Əkbərovun bud nahiyəsinə bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçıb. Yaralanan şəxs Kliniki Tibbi Mərkəzə çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyiblər. Mərhumun ölümünə kəskin qanaxma səbəb olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yasin Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Yasin Hüseynov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib..