Daxili İşlər Nazirliyi vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı müsabiqə elan edir. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqədə «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı olan, yaşı 20 ilə 30 arasında, boyu 175 santimetrdən hündür kişilər və 170 santimetrdən hündür qadınlar iştirak edə bilər. Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq. Müsabiqə test imtahanı və müsahibə olmaqla 2 mərhələdə keçiriləcək.
Xidmətə qəbul olunmaq istəyən şəxslər 2013-cü ilin 13 iyun tarixinədək iş günləri saat 10-dan 17-dək vakant vəzifələri olan polis orqanlarından birinə yazılı ərizə ilə müraciət etməlidirlər. Müsabiqəyə elan olunmuş vakant vəzifələrin siyahısı, fiziki hazırlıq üzrə ödənilməli normativlər, habelə «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin mətni Daxili İşlər Nazirliyinin www.mia.gov.az ünvanlı saytda yerləşdirilib. Əlavə məlumat almaq üçün Daxili İşlər Nahzirliyinin Baş Kadrlar İdarəsinə 590-93-27 nömrəli telefonla müraciət etmək olar.