Bakı Apelyasiya Məhkəməsində iş adamını öldürməkdə və digər cinayətlərdə təqsirli bilinən deputatlığa keçmiş namizəd Nadir Orucovun apelyasiya şikayətinə baxılıb.
Lent.az-ın məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Nadir Orucovun barəsində olan hökm ləğv edilib və yeni hökm çıxarılıb. Yeni hökmə əsasən, Nadir Orucovun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə bəraət verilib. Məhkəmə Nadir Orucovu Cinayət Məcəlləsinin 120.1-ci və 228.1-ci maddələri ilə təqsirli bilinib və qəti 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd edək ki, 2011-ci il iyunun 8-də Nəsimi rayonu Hüseyn Seyidzadə, 2A ünvanında Nadir Orucov münaqişə zəminində tanışı Rövşən Rüstəmovu güllələyib. Rövşən Rüstəmov aldığı güllə yarasından ölüb. Nadir Orucov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma, daşıma, gəzdirmə) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nadir Orucov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən apelyasiya şikayəti verərək cəzasını yüngülləşdirilməsini istəyib. Bir müddət əvvəl hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Nadir Orucovun apelyasiya şikayətinə baxılıb və onun şikayəti üzrə qərar elan edilib. Qərara görə, Nadir Orucovun apelyasiya şikayəti təmin edilməyib.
Həmin qərardan Ali Məhkəməyə kasasiya şikayəti verib. Onun kasasiya şikayətinə Ali Məhkəmədə baxan hakimlər qərarı ləğv edib və işin yenidən apelyasiya instansiyasında baxılması barədə qərar qəbul edib.
Nadir Orucovun barəsində olan cinayət işinin materialları apelyasiya instansiyasına göndərilib. Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Nadir Orucovun barəsində olan hökm ləğv edilib və yeni hökm çıxarılıb. Yeni hökmə əsasən, Nadir Orucovun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə bəraət verilib. Məhkəmə Nadir Orucovu Cinayət Məcəlləsinin 120.1-ci və 228.1-ci maddələri ilə təqsirli bilinib və qəti 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Xatırladaq ki, Nadir Oruc oğlu Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I seçki dairələrindən deputatlığa namizəd olub.