Dələduzluqda və vəzifə saxtakarlığında təqsirləndirilən “VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimov barəsində olan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Hakimlər kollegiyasının qərarına əsasən şikayət hərəkətsiz saxlanılıb, iş baxışdan çıxarılıb, birinci instansiya məhkəməsinə qaytarılıb.
Qeyd edək ki, ittiham aktına əsasən, vətəndaşlar 2007-2008-ci illərdən etibarən “VEDI-E” MMC-nin Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi binada mənzil almaq üçün adıçəkilən şirkətlə müqavilə bağlayıblar.
Araşdırmalar zamanı MMC-nin direktoru Q.Rəhimov çoxmərtəbəli yaşayış binasındakı mənzilləri aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satıb. Bu yolla 29 nəfər zərərçəkənə 305 min manat məbləğində ziyan vurulub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q.Rəhimov 6 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.