Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bakı şəhər sakinləri Mehdi Məmmədov, Bahəddin Ələkbərov və Camal Allahverdiyevin cinayət işi üzrə məhkəmən prosesi davam edib.
Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Bahəddin Ələkbərovun vəkili Orxan Əhmədov vəsatətlə çıxış edib. O, müdafiə etdiyi Bahəddin Ələkbərovun heç bir günahı olmadığını və ona bəraət hökmü verilməsini istəyib. “Müdafiə etdiyim şəxsin heç bir dələduzluq əməli olmayıb. Bu adam ev satıb. Əvvəlcədən də evin şəhadətnaməsi olmadığını, sənədinin sərəncamı olduğunu bildirib. Evi alan Mehdi Məmmədov və Cəmilə Məmmədova da məsələdən xəbərdar olub. Torpaq Bahəddinin bacının həyat yoldaşı İbrahim Xuduyevin adına olub. O da Bahəddinin Gürcüstan vətəndaşı olmasından irəli gəlir. Ev 70 min dollara satılıb. Pul bankda Bahəddinin yaxın qohumu və qonşusu Camal Allahverdiyevin adına keçirilib. Buna da səbəb bayaq qeyd etdiyimi kimi, Bahəddin Ələkbərovun Azərbaycan vətəndaşı olmamasıdır. Camal da pulu çıxarıb Bahəddinə verib. Ev satılıb, yeni sahiblərinə verilib. Ailə münaqişə zəminində nə baş veribsə, şikayətçi olaraq Bahəddin və Camaldan da şikayətçi olublar”.
Hakimlər vəsatəti təmin etməyib.
Bundan sonra Bahəddin Ələkbərov hakimlərin və dövlət ittihamçısının suallarını cavablandırıb. O, ifadəsində heç bir günahı olmadığını, mənzil satdığını qeyd edib. “Gəlib evə baxıb bəyəniblər. Mən də satmışam. Evi təhvil vermişəm. 6 ay yaşayıblar. İndi məni aldadıb şikayətçi olublar. Mənə dələduz deyirlər. Dələduzluq edib nə eləmişəm? Pulu aldığımı demişəm. Evi vermişəm. Daha mən nə neyləməli idim? Sənəd deyirlər demişəm ki, İbrahim gəlsin verəcəyəm. Bacım xəstə olub, əməliyyat olunub. Demişəm gəlsin verim”.
Bundan sonra təqsirləndirilən şəxslərdən Camal Allahverdiyev ifadə verib. O, 7 aydır həbsdə saxlandığını və hələ də nədə ittiham olduğundan xəbərsiz olduğunu bildirib. “Günahımın nə olduğunu anlamıram. Mənimlə Bahəddin əmi nəvələriyik. Həm də üzbəüz qonşuyuq. Evi satdığını bildirdi. Mən də ona xeyirli olsun dedim. Sonra Bahəddin mənə pulun bank hesabı ilə köçürüləcəyini, onun da Gürcüstana getmək üçün verilən vaxtın keçdiyini dedi. Ona görə, bankdakı hesabın mənim adıma açılmasını xahiş etdi. Mən də qəbul elədim. Elə həmin gün Mehdi Məmmədov və Bahəddin gəlib maşınla məni banka apardılar. Müqavilə imzaladıq. Pulu çıxarıb, qəpiyinə qədər Bahəddinə vermişəm. Burda mənim nə günahım var, hələ də anlaya bilmirəm?!”.
Məhkəməyə ifadə vermək üçün zərərçəkən şəxslərdən Ema Adıgözəlova gəlib. O, ifadəsində qızının əri Mehdi Məmmədovu 2012-ci ildə tanıdığını bildirib. “Qızım nikaha girdi. Evinin qaçqın düşərgəsində olduğunu, bir müddətlik burada qalmasını istədi. Mən də qızımın xətrinə, qızımın 5 yaşlı xəstə uşağına görə razılaşdım. Keçmiş əri də qızımı elə uşağın xəstə olduğuna görə boşamışdı. Bizdə qalandan bir müddət sonra gördüm, qızımla mübahisə etməyə, onu vurmağa çalışır. O zaman onu evdən qovdum. Getmək istəməsə də, məcbur elədim. Bir neçə gündən sonra mənə icradan zəng gəldi ki, sizin borcunuz var. Cəmilə dedi, maraqlanaram, ola bilsin, bu, Mehdinin işidir. Qızım Mehdiyə deyib. O, icraya gedib. İcradan birbaşa gəlib mənə dedi ki, səni tutacaqlar, əlindən evi alacaqlar. Sənin külli miqdarda borcun var. Qorxdum. Məni dostu ilə Nərimanov metrosunun yaxınlığındakı Vergilər Departamentinə gətirdi. Orada qız mənə dedi ki, bu evin borcu var. Ərimin adınadır borc. Qız məndən yoldaşımın ölüm haqqında şəhadətnaməsini gətirməmi istədi. Mehdi məni sürüyə-sürüyə gətirdi ki, ölüm haqqında şəhadətnamə versən, borcu sənin üstünə yıxacaqlar. Yolda mənim başımı aldatdı ki, evi başqa adamın adına keçirək. Mən isə bunun mümkün olan şey olmadığını bildirdim. O isə icrada məsələni bir az ləngitmək üçün 500 manat pul istədi. Bacımdan alıb Mehdiyə verdim. O, icraya getdi. Üstündən yarım saat keçmişdi ki, gəldi. Evin mütləq satılmalı olduğunu, əks təqdirdə evə həbs qoyulacağını dedi. O an heç nə anlamadım. Vəziyyətim xarab oldu. Razılaşdım. Evin satılması üçün olan sənədlərin hamısını yığdıq. Sabahı gün Mehdi evə öz yerlilərini gətirdi. Evi 76 min dollara satdıq. Notariatda imza çəkdik. Çəkməz olardıq. Alan şəxslər Füzulidən idi. Onlar da Mehdinin həmkəndliləri idi. Pulu Kapital bankda adıma köçürdülər. Mehdi pulun 5 gün ərzində adımdan çıxarılmasını dedi. Mehdiyə etibar etdiyim üçün sözünə qulaq asıb pulu aldım. Pulu bank hesabından Camalın adına keçirdik. Evə də köçdük. Bir neçə müddət keçəndən sonra aldandığımın fərqinə vardım. Pulu istədim vermədilər. Sənəd dedim, dedilər ki, İbrahim Gürcüstandır gələndə verəcəyik. Mehdi bizim başımıza oyun açdı. Bunlar əvvəlcədən əlbir olub, məni aldadıblar”.
Məhkəmə prosesi aprelin 14-də davam edəcək.
Xatırladaq ki, hər 3 şəxs ittiham üzrə özlərini təqsirli bilməyiblər.
Qeyd edək ki, ittihama görə, təqsirləndirilən hər 3 şəxs Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) maddələri ilə ittiham edilirlər. Həmçinin, Mehdi Məmmədova əlavə olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə də ittiham verilib.