Zakir Həsənov: “Daxili Qoşunların texnikası, silah-sursatı və xüsusi vasitələri ən müasir tələblərə cavab verir”
. “Azərbaycan silahlı qüvvələrinin maddi-texniki bazası ilə yanaşı, şəxsi heyətin sosial vəziyyətinin yaxşılaşdırılması üçün də bütün zəruri addımlar atılır. Artıq Daxili Qoşunların şəxsi heyətinin 80 faizi yaşayış üçün mənzillərlə təmin olunub”.
APA-nın xəbərinə görə, bunu Daxili Qoşunların komandanı Zakir Həsənov jurnalistlərə açıqlamasında deyib. Z. Həsənov bildirib ki, Daxili Qoşunların şəxsi heyətinin maaşı, digər sosial təminat məsələləri yüksək səviyyədədir: “Bu da bizə imkan yaradır ki, Daxili Qoşunlar daha nümunəvi hazırlığa malik olsun. Şəxsi heyət bu hazırlığı görür, etimadı doğrultmaq üçün yüksək səviyyədə xidmət göstərir”.
Z.Həsənov onu da deyib ki, Daxili Qoşunların texnikası, silah-sursatı və xüsusi vasitələri ən müasir tələblərə cavab verir: “Bu yöndə hər il yeniliklər edilir. Silah və texnika parkının yenilənməsi ilə bağlı dövlət başçısının və daxili işlər nazirinin diqqət və qayğısını hər zaman hissi edirik”.
O, həmçinin Daxili Qoşunların ali hərbi məktəbinin yaradılması prosesinin hazırda yekun mərhələdə olduğunu deyib: “Məktəbin çox müasir təlim-tədris bazası yaradılıb, zəruri infrastrukturu formalaşıb. Artıq qərargah və müdavim yataqxanası hazırdır. Hesab edirəm ki, qısa zamanda Daxili Qoşunların hərbi məktəbi öz işinə başlayacaq”.
Qeyd edək ki, Daxili Qoşunların yaranmasının ildönümü münasibəti ilə bu gün komandan Zakir Həsənov və qoşunların şəxsi heyəti Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanının ziyarət ediblər.