Bu il qəsdən adam öldürmə cinayətləri keçən ilə nisbətən 12,8 faiz azalıb. Lent.az-ın məlumatına görə, bunu daxili işlər nazirinin müavini Vilayət Eyvazov bu gün keçirilən kollegiya iclasında deyib. O bildirib ki, ötən dövrdə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 13.533 cinayət qeydə alınıb. Onların 87 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 85 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 15 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.
Cinayətkarlığın dinamikasında son illər mövcud olan müsbət təmayül də qorunub saxlanılıb. Belə ki, həyata keçirilən məqsədyönlü profilaktik tədbirlərlə şəxsiyyət əleyhinə olan cinayətlərin strukturunda qəsdən adam öldürməyə cəhdlər 12,8 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 13,7 faiz, xuliqanlıq cinayətləri 3,2 faiz azalıb.
Qeyd olunub ki, cinayətlərin açılmasına yönəlmiş əməliyyat-axtarış tədbirləri və prosessual fəaliyyət zərərçəkmiş şəxslərin pozulmuş hüquqlarının və ədalətin bərpasında başlıca vəzifələr olaraq həyata keçirilib.
Ümumi cinayətlərin açılması 4,2 faiz yaxşılaşaraq 84,3 faiz təşkil edib. O cümlədən ağır və xüsusilə ağır cinayətlərin açılması 1,9 faiz, qəsdən adam öldürmələrin açılması 11,2 faiz, hədə-qorxu ilə tələb etmələrin açılması 14 faiz yaxşılaşıb. Banditizm, adam oğurluğu və insan alveri cinayətlərinin açılması tam təmin olunub.