Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədova barədə açılmış cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilir.
Lent.az-ın məlumatına görə, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində G. Əhmədova son sözlə çıxış edəcək.
Bugünkü prosesdə sabiq deputata hökm oxunacağı gözlənilir.
Qeyd edək ki, son prosesdə hakim G. Əhmədovaya son sözlə çıxış etməsi üçün 6 gün vaxt vermişdi.
Xatırladaq ki, dövlət ittihamçısı məhkəmədən G. Əhmədovanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Onu da bildirək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.