Bu gün Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Ağacavad Məmmədovun vəkili Məzahir Şahlarov vəsatət verib. O, çıxışında bildirib ki, A. Məmmədovun oktyabr 10-da xəstəxanaya yerləşdirilib: “Müdafiə etdiyim şəxsdə ürək çatışmamazlığı var. Hazırda xəstəxanada müalicə alır. O, sərbəst gəzə bilmir, şəkərli-diabet xəstəsidir. Dəfələrlə məhkəmə proseslərində səhhəti pisləşib. Bununla bağlı məhkəmə təcili tibbi yardım maşını çağırılıb. Ona tibbi yardım göstərilməsinə baxmayaraq səhhəti yaxşılaşmayıb. Ağacavadın vəziyyəti daha da ağırlaşıb. Hakimin göstərişi ilə başqa bir həkim briqadası çağırılıb".
Vəkil müdafiə etdiyi şəxsin barəsində komission məhkəmə-tibbi ekspertizasının təyin edilməsini istəyib.
Hakim vəsatəti baxılmamış saxlayıb. Əfqan Hacıyev bildirib ki, Ağacavad Məmmədovun hansı xəstəlikdən əziyyət çəkməsi barədə rəsmi məlumat verilməyib: “Qəzənfər Novruzovun vəziyyəti daha ağırdır. Bunu verilən ekspertiza rəyinə əsasən deyirəm. Amma onun barəsində həbs qərarı seçilib və həbsdə olduğu müddətdə müalicə olunur. Təklif edirəm ki, Ağacavad Məmmədovun barəsində olan ev dustaqlığı qəti imkan tədbirinin həbs qəti imkan tədbiri ilə əvəz olunması məsələsi müzakirə edilsin".
Daha sonra Ağacavad Məmmədovun vəkili buna etiraz edib.
Dövlət ittihamçısı Fərid Nağıyev hakimin Ağacavad Məmmədovun barəsində həbs qəti imkan tədbirinin seçilməsi ilə bağlı təklifini məhkəmənin mülahizəsinə verdiyini deyib.
Qəzənfər Novruzovun vəkili Nüşabə Ağayeva bildirib ki, mühakimə olunan şəxsin barəsində həbs qərarının çıxarılması düzgün deyil.
Təqsirləndirilən Miryusif Mahmudov bildirib ki, Ağacavad Məmmədovun həbs edilməsinin əleyhinə olub: "Adam bu yaşında psixoloji təsirlərə məruz qalıb. Onun həbs edilməsi ağır nəticələrə səbəb olacaq. "TNH" şirkətində tikinti işləri üzrə direktor müavini Nüsrət Muxtarov təcridxanada vəfat edib. Günahsız yerə mühakimə olunuruq. Günahsız insanın mühakimə olunması daha da acınacaqlıdır. Ağacavad Məmmədov da günahsız yerə mühakimə olunur. Bu gün bir günahsız insanın barəsində həbs qərarı çıxarmaq istəyirsiz".
Daha sonra hakimlər qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər Ağacavad Məmmədovun qəti imkan tədbirinin dəyişdirilməməsi barədə qərar qəbul ediblər.
Proses oktyabrın 24-də davam edəcək.
Qeyd edək ki, keçən il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.
A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.