Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Saray Bələdiyyəsinin sədri Vəsilə Həsənova və həyat yoldaşı Vəfadar Həsənovu qətlə yetirməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.
Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, vəkil əməliyyat olunması ilə bağlı məhkəməyə müraciət edib. Eləcə də, hakimlərdən biri məzuniyyətə getdiyi üçün proses avqustun 5 kimi fasilə elan edir.
Qeyd edək ki, qətl keçən il iyul ayının 8-də Saray qəsəbəsində baş verib. Bələdiyyə sədri, 39 yaşlı Vəsilə Həsənova və həyat yoldaşı Vəfadar Həsənov amansızlıqla qətlə yetirilib. Araşdırmalar zamanı qətlin Fədai Hüseynov tərəfindən törədildiyi məlum olub. 35 yaşlı F.Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan F.Hüseynov gecə saatlarında həsənovların evinə gəlib və hələlik dəqiqləşməmiş səbəblərdən mübahisə yaranıb. Mübahisə zəminində o, V.Həsənovanı kəsici, onun həyat yoldaşını isə odlu silahla qətlə yetirib.