Bakı Dövlət Universitetinin (BDU) professorunun evindən oğurluqda ittiham olunan 4 uşaq anası 1989-cu il təvəllüdlü Mehriban Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
O, çıxışında Mehriban Quliyevanın 8 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror həmçinin onun barəsində ev dustaqlığının dəyişdirilərək həbslə əvəzlənməsi istəyib.
Məhkəmə noyabrın 1-də davam edəcək.
Qeyd edək ki, Mehriban Quliyeva Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirli bilinir. O, qulluqçu işlədiyi mənzildən oğurluq etməkdə şübhəli bilinir.
4 uşaq anası olan M.Quliyeva 5-ci uşağına da hamilədir. Övladlarının kiçiyinin 3, böyüyünün isə 9 yaşı var. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Ev dustaqlığında olan qadın ittihamda qeyd edilənlərlə razılaşmır.
İşlədiyi evdən oğurluq etdiyini etiraf edən M.Quliyeva məbləğin şişirdildiyini söyləyir. O, mənzil sahibinə dəymiş zərərin bir hissəsini ödəyib.
Mənzilindən oğurluq edilən Aidə İbrahimova BDU-nun professorudur. İttihama görə, onun mənzilindən 41 min manat oğurlanıb. M.Quliyeva 7 min manatı istintaq dövründə ödəyib.