“Evdən pul götürə bilmədim, bir qolbaq idi, o da qızıl çıxmadı”
“Çox peşmanam. Mənim də anam var. Qadın öldürmüşəm. Kişiyə yaraşan hərəkət etməmişəm''. Lent.az-ın məlumatına görə, bunu 5 gün əvvəl 58 yaşlı Elmira Dadaşovanı evində 15 bıçaq zərbəsi ilə qətlə yetirən 31 yaşlı Əlaqif Abbasov ilkin istintaqa verdiyi ifadəsində bildirib.
Əlaqif Abbasov ali məktəb müəlliməsi olan Elmira Dadaşovanın evinə oğurluq məqsədi ilə girdiyini, daha doğrusu narkoman olduğundan ağrılarını sakitləşdirmək üçün pul axtardığını deyib.
“ “Reşotka”nı qırdım girdim içəri, gördüm evdə arvad. Arvad başladı qışqırmağa, qonum-qonşu eşitdi. Mən də arvada dedim ki, bura pul üçün gəlmişəm, səni öldürmək fikrim yoxdu. Qadın dedi ki, pulumuz yoxdur. Bir-iki bıçaq vurdum buna. Sonra dedi sənə çoxlu pul verəcəm. Sonra da mənə dedi ki, su ver. Aparıb mətbəxdə üzünü yudum, su verdim, başladı yenidən qışqırmağa. Mətbəxdə pendir bıçağı var idi. Götürdüm vurdum. Qonşular qapını döyürdü, mən də başladım çoxlu vurmağa. Bilmirəm neçəsini vurdum. Mən evə oğurluq məqsədi ilə girmişdim. Əslində, məni kişi aldatdı. Qapını bayırdan bağlayıb getdi, elə bildim ki, da evdə adam yoxdur, ev boşdu''.
Məlumata görə, Əlaqif qətli törədib qaçarkən evdən bir ədəd qolbaq götürüb. “Evdən pul götürə bilmədim. Heç nə. Çünki qonşular gəlirdi. Bir qolbaq idi, o da qızıl çıxmadı qırdım tulladım”'.
Yeri gəlmişkən, ilkin araşdırmalardan sonra məlum olub ki, Ə. Abbasov bunacan bir neçə mənzildən də oğurluq edib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.