Baş Prokururluq Abşeron rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Prokurorluqdan Lent.az-a daxil olan məlumata görə, hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş daha bir ağır cinayətin isti izlərlə açılması təmin edilib. Belə ki, xəbər verildiyi kimi, avqustun 14-də saat 13 radələrində Abşeron rayonunun Hökməli qəsəbə sakini Elmira Dadaşovanın yaşadığı Ə.Vahid küçəsi, 33 saylı evdə kəsici-deşici alətlə yetirilməyə xarakterik çoxsaylı xəsarətlərlə meyiti aşkar edilib. Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, cinayətin açılması üçün təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Rayonun hüquq mühafizə orqanlarının birgə gördükləri tədbirlər nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş bu ağır cinayətin isti izlərlə açılması təmin edilib. Cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Abşeron rayonu, Hökməli qəsəbə sakini, 1982-ci il təvəllüdlü Abbasov Əlaqif Arif oğlu saxlanılıb. O, törətdiyi cinayət əməlini etiraf edərək cinayətin aləti olan bıçağı istintaqa təqdim edib. Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, qətlə yetirilmiş E.Dadaşova Həmkarlar ittifaqları Konfedrasiyasının sər müavini Aqil Dadaşovun həyat yoldaşıdır.