Bu gün Bakı Apelyasiya Məhkəməsində “Parabank” Açıq Səhmdar Cəmiyyətinin Nizami filialının sabiq kredit mütəxəssisi Orxan Uğurluzadənin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. Məhkəmə baxışı mayın 21-nə təyin edilib.
Qeyd edək ki, Orxan Uğurluzadə bir neçə nəfərlə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edib aldatma yolu ilə 228 şəxsə kreditlərin ayrılmasına nail olub. Nəticədə 127 min 804 manat məbləğində banka məxsus külli miqdarda əmlakı ələ keçirib.
Orxan Uğurluzadəyə Cinayət Məcəlləsinin 178.3.2 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrinə əsasən ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Uğurluzadə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Orxan Uğurluzadə apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
.