Avtomobillə Balakən rayonunun Gərəkli kəndinə gələrək avtomatdan atəş açan dəstənin daha iki üzvü tutulub.
Balakən Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata əsasən, rayon polisinin yaratdığı əməliyyat-axtarış qrupunun keçirdiyi əməliyyat tədbiri nəticəsində martın 8-də “Niva” markalı avtomobillə rayonun Gərəkli kəndinə gələrək avtomat silahaından havaya ataş açan dəstənin iki üzvü saxlanılıb. Onlar rayonun Qullar kənd sakinləri, 1991-ci il təvəllüdlü İsrafil Aydın oğlu Sarıyev və 1995-ci il təvəllüdlü Emil Şadnus oğlu Dibirovdur.
Qeyd edək ki, martın 8-də 5 nəfərdən ibarət dəstə “Niva” markalı avtomobillə Balakən rayonunun Gərəkli kəndinə gedərək, Kalaşnikov markalı avtomatdan havaya bir neçə dəfə atəş açıb, daha sonra kəndi tərk ediblər.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dəstənin əvvəlcə 3 üzvü, “Niva” markalı avtomobili idarə edən, Mahmalar kənd sakini, 1993-cü il təvəllüdlü Polad Kamil oğlu Sultanov, silahdan istifadə edən, Balakən şəhər sakini, 1990-cı il təvəllüdlü, Murad İlqar oğlu Əzizov (həbs edilən zaman ondan 1 ədəd Kalaşnikov avtomatı, 13 ədəd avtomat gülləsi və bir ədəd avtomat darağı götürülüb) və Gərəkli kənd sakini, 1993-cü il təvəllüdlü Fərid Murtuz oğlu Alqayev tutulub.
Baş vermiş hadisə ilə bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
***
09.03.2013. 15.28
Avtomobillə Balakən rayonunun Gərəkli kəndinə gələrək avtomatdan atəş açan dəstənin daha bir üzvü tutulub.
Balakən RPŞ-dən APA-ya verilən məlumata əsasən, Balakən RPŞ-nin əməliyyat-axtarış qrupunun keçirdiyi əməliyyat tədbiri nəticəsində ötən gün “Niva” markalı avtomobillə rayonun Gərəkli kəndində avtomat silahdan atəş açan dəstənin daha bir üzvü, 1993-cü il təvəllüdlü Gərəkli kənd sakini Fərid Murtuz oğlu Alqayev tutulub.
Balakən RPŞ-dən bildirilib ki, hadisənin motivləri axtarış-əməliyyat tədbirləri sona çatdıqdan sonra məlum olacaq.
Hazırda Balakən RPŞ-nin əməkdaşları hadisənin digər iştirakçıları - rayonun Qullar kəndinin sakinləri, 1991-ci il təvəllüdlü İsrafil Aydın oğlu Sarıyev və 1995-ci il təvəllüdlü Emil Şadnus oğlu Dibirovun tutulması istiqamətində isə axtarışlar davam etdirir.
Qeyd edək ki, “Niva” markalı avtomobillə rayonun Gərəkli kəndinə gələrək Kalaşnikov avtomatından bir neçə dəfə atəş açan şəxslərin 5 nəfər olduğu məlum olub.
Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində dəstənin 3 üzvü “Niva” markalı avtomobili idarə edən, Mahmalar kənd sakini, 1993-cü il təvəllüdlü Polad Kamil oğlu Sultanov, Kalaşnikov avtomatından havaya atəş açan, Balakən şəhər sakini, 1990-cı il təvəllüdlü Murad İlqar oğlu Əzizov və Fərid Murtuz oğlu Alqayev tutulub.
***
saat 11:18
İki nəfərlə birlikdə Balakən rayonunun Gərəkli kəndinə avtomobillə gələrək avtomatdan atəş açan şəxs həbs edilib. Balakən RPŞ-dən APA-ya verilən məlumata görə, RPŞ-nin axtarış-əməliyyat qrupunun keçirdiyi əməliyyat tədbiri nəticəsində ötən gün “Niva” markalı avtomobillə rayonun Gərəkli kəndinə gələrək avtomat silahdan atəş açan, 1990-cı il təvəllüdlü Balakən şəhər sakini Murad İlqar oğlu Əzizov tutulub.
Murad Əzizov tutularkən ondan atəş açdığı 5,45 çaplı Kalaşnikov avtomat silahı da götürülüb. M. Əzizov istintaqa verdiyi ilkin ifadəsində silahı rayon ərazisindən tapdığını deyib. RPŞ-dən bildirilib ki, hadisənin motivləri axtarış-əməliyyat tədbirləri sona çatdıqdan sonra məlum olacaq.
Hazırda Balakən RPŞ-nin əməkdaşları hadisənin digər iştirakçısı - rayonun Qullar kənd sakini, 1995-ci il təvəllüdlü Emil Şabnus oğlu Dibirovun tutulması istiqamətində axtarışları davam etdirir.
***
saat 10:47
Balakəndə silahlı insident olub. Bu barədə APA-ya Rayon Polis Şöbəsindən bildirilib.
Hadisə rayonun Gərəkli kəndində qeydə alınıb. Gecə saatlarında “Niva” markalı avtomobillə kəndə daxil olan bir qrup şəxs avtomat silahdan bir neçə dəfə atəş açıb.
Hadisə barədə polisə məlumat daxil olan kimi əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib. Hadisə baş verən ərazidən 5.45 çaplı bir neçə giliz götürülüb.
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində “Niva” markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Polad Kamil oğlu Sultanov saxlanılıb.
Hadisənin digər iştirakçıları – 1990-cı il təvəllüdlü Murad İlqar oğlu Əzizov və 1995-ci il təvəllüdlü Emil Şabnus oğlu Dibirovun tutulması istiqamətində isə axtarışlar davam etdirilir.
Polisdən həmçinin bildirilib ki, hadisədə istifadə olunan avtomat silahı M. Əzizova məxsus olub, atəşi də o açıb. Hadisənin motivi hələlik məlum deyil.
Baş vermiş hadisə ilə bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə cinayət işi başlanıb.