Bakıda keçiriləcək Cənubi Qafqaz Forumu ilə əlaqədar olaraq şəhərin bəzi mərkəzi yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun Lent.az-a verdiyi məlumata görə, mayın 7-8-də keçiriləcək forumda iştirak etmək üçün gələn çoxsaylı qonaqların: ölkə nümayəndələri, dövlət başçıları, digər rəsmi, eləcə də tanınmış şəxslərin səfəri ilə əlaqədar bəzi küçə və prospektlərdə hərəkətə fasilələrlə məhdudiyyət qoyulacaq.
Bu günlərdə sürücülərdən hava limanı istiqamətindən şəhər istiqamətinə, yəni - Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri xahiş olunur. Mayın 8-dək davam edəcək forumla əlaqədar paytaxtın Mərdəkan, Buzovna qəsəbələri istiqamətində gedən yollarda da müəyyən məhdudiyyətlər tətbiq ediləcək.