Bakının Nərimanov rayonunda 26 yaşlı oğlan faciəvi şəkildə dünyasını dəyişib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, inzibati binanın liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlu liftin şaxtasına yıxılıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri O.Əhmədovun meyitini şaxtadan çıxararaq aidiyyəti üzrə təhvil verib. Əməliyyat başa çatıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, dəhşətli hadisə Heydər Əliyev prospekti 121 ünvanında yerləşən SOCAR-ın baş ofisində baş verib. Yuxarı mərtəbələrdən birində təmir işi ilə məşğul olan usta ehtiyatsızlıqdan liftin şaxtasına yıxılıb və hadisə yerində ölüb.
Hadisə nəticəsində ölən şəxs Bakıda müxtəlif tikililərdə liftlərin texniki təminatı ilə məşğul olan “Verti” MMC lift şirkətinin əməkdaşı olub.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırmalara başlanılıb.