Bu gün Bakıda 49 yaşlı kişinin meyiti tapılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında qalıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, 1965-ci il təvəllüdlü Fikrət Ənvər oğlu Zamanov mənzilin giriş qapısının dəfələrlə döyülməsinə və uzun müddətli telefon zənglərinə reaksiya vermir. Xilasedicilər çoxmərtəbəli yaşayış binasının qonşu mənzilinin eyvanından təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 7-ci mərtəbədə yerləşən mənzilinə eyvandan daxil olub. Xilasedicilər mənzilə baxış keçirərkən F.Zamanovu huşsuz vəziyyətdə aşkar edərək hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.
Həkimlər tərəfindən aparılmış ilkin tibbi müayinə zamanı F.Zamanovun vəfat etdiyi müəyyən olunub.