Sürücü vurduğu piyadanın çantasını götürüb qaçdı
Bakı şəhərinin Xətai rayonu ərazisində qeyri-adi cinayət hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Sarayevo küçəsi, ev 15, mənzil 126-da yaşayan 1948-ci il təvəllüdlü Məmmədova Valiyə Cəllad qızı aprelin 19-da 32-ci Polis Bölməsinə ərizə ilə müraciət edib. 65 yaşlı qadın bildirib ki, aprelin 18-də saat 21 radələrində Bakıxanov qəsəbəsindəki Badikubə şadlıq sarayından çıxıb yolu keçərkən, naməlum sürücü idarə etdiyi naməlum markalı avtomaşını arxaya verərkən onun ayağını əzib. Həmin avtomaşının sürücüsü onu xəstəxanaya aparmaq adı ilə avtomaşına mindirib. Lakin Qaraçuxur qəsəbəsində Zığ şosesində yerləşən armatur zavodunun yaxınlığında sürücü onu avtomaşından yerə düşürüb. V.Məmmədova həmin avtomaşının sürücüsünə bildirdikdə ki, avtomaşında ona məxsus içərisində 100 manat pul, bir ədəd «Nokia» markalı mobil telefon və içərisində pal-paltarı olan çantası qalıb, sürücü «vermirəm» sözünü deyərək avtomaşını sürüb gedib.
Hazırda müraciət əsasında araşdırmalar aparılır. İlkin məlumata görə, həmin sürücü yuxarıda adı qeyd olunan şadlıq sarayında qonaq olan şəxslərdən biri imiş.