Bakıda baş verən silahlı insidentlə bağlı iki nəfər tutulub. APA TV-nin xəbərinə görə, Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramil Fazil oğlu Hüseynli və sifarişçi Günel Rasim qızı Süleymanova saxlanılıb.
Bu şəxslər Bərdə Rayon İcra Hakimiyyətinin sabiq işçisi Hüseyn Qasımovun həyatına sui-qəsd edərək öldürmək məqsədilə evinin yaxınlığında ona atəş açıblar.
Günel Süleymanova cinayətin sifarişini verdiyini etiraf edib: "Yusifə dedim ki, o adamı qorxut, mənə belə-belə edib. Dedi nə vaxt? Dedim, ki, mənimlə məhkəməyə gedəcək. Səhər tezdən evinin yerini göstərdim. Dedi, məndə silah var, ordan-burdan ataram, qorxar".
Ramil Hüseynli isə Günelin onu cinayətə necə təhrik etdiyini açıqlayıb: "Görüşmüşəm, mənə deyib ki, pulumu verməlidir, oğlunu çıxartmışam içəridən, bir də mənə sataşıb. Dedim, hədələyəndə o, sənə pul qaytaracaq ki? Biləcək sən eləmisən, sən də mənim adımı verəcəksən. Sonra fikirləşdim ki, qoy hədələyim".
İstintaqla müəyyən olunub ki, Ramil Hüseynli bu işi həyata keçirmək üçün Güneldən külli miqdarda pul istəyib, qadın da buna razılıq verib. Pulun bir hissəsi alınıb və işə start verilib.
Polisdən bildirilib ki, saxlanılanlardan R.Hüseynli əvvəllər adam oğurluğu maddəsi ilə 12 il həbsxanada olub. İlkin istintaq araşdırması zamanı məlum olub ki, Günel Süleymanova və həyatına qəsd edilən Qasımov qonşu olublar. Qasımovun oğlunun məhkəmə işi ilə əlaqədar Günel məsələni həll edəcəyinə söz verərək, külli miqdarda pul alıb. O, dələduzluq yolu ilə əldə etdiyi pulu mənimsəyib və işi həll etməyib. Əks tərəfin təkidindən bezən Günel Süleymanova onu aradan götürmək üçün killer tutub.
Qeyd edək ki, aprelin 11-də Binəqədi rayonunun Cavadxan küçəsində, şəxsiyyəti məlum olmayan 2 nəfər həmin ərazidə kirayədə yaşayan Bərdə rayon sakini Hüseyn Qasımovun istiqamətində avtomat silahdan bir neçə dəfə atəş açıb. Nəticədə daban nahiyəsindən güllə yarası alan H.Qasımova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən hadisə yerindən 10 ədəd 7,62 çaplı giliz götürülüb.
*****
11:56
Daxili İşlər Nazirliyi Bakıda sabiq məmurun güllələnməsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində aprelin 11-də paytaxtın Binəqədi rayonu ərazisində Bərdə rayon sakini Hüseyn Qasımovun istiqamətində avtomat silahdan atəş açmaqla xəsarət yetirmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Hüseynli tutulub. Onun Binəqədi rayonu ərazisində kirayədə yaşadığı evdən “AKM” markalı silah, 22 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.
Ətrafında aparılməş tədbirlərlə R.Hüseynlinin həmin cinayəti paytaxt sakini Günel Süleymanovanın sifarişi ilə törətməsi, habelə açdığı atəş nəticəsində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin mühafizə otağının pəncərə şüşəsinə və Bakı şəhər sakini Xəzər Cəfərzadəyə məxsus “Niva” markalı avtomobilə ziyan dəyməsi də müəyyən edilib.
Həyata keçirilmiş tədbirlərlə G.Süleymanova da tutulub.
*****
10:12
Aprelin 11-də Bakıda baş verən silahlı insidentlə bağlı iki nəfər tutulub. Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Cavadxan küçəsində Hüseyn Qasımovu güllələyən şəxslərin 1983-cü il təvəllüdlü Hüseynli Ramil Fazil oğlu və onunla eyni yaşda olan Süleymanova Günel Rasim qızı olması müəyyənləşdirilib və onlar tutulub.
R. Hüseynli əvvəllər adam oğurluğu maddəsi ilə 12 il həbsxanada olub. G.Süleymanova isə onun tanışıdır.
Hazırda cinayət işinin istintaqı Bakı şəhər Prokurorluğunda davam etdirilir.
*****
12 aprel
Dünən Bakının Binəqədi rayonunda törədilmiş silahlı insidentin təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, avtomatla güllələnən 1973-cü il təvəllüdlü Qasımov Hüseyn Əli oğlu bir neçə ay əvvələdək yüksək vəzifədə çalışıb. Keçən ilin yayında onun 15 yaşlı oğlu Bərdə şəhəri Bakı prospektində idarə etdiyi avtomobillə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərovun 18 yaşlı oğlu Həsəni vuraraq öldürüb. Bundan sonra H.Qasımov barəsində xidməti araşdırma başladılıb və o, Bərdə rayon İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini vəzifəsindən kənarlaşdırılıb.
Bildirilir ki, dünənki hadisə zamanı H.Qasımov istiqamətində avtomat silahla 10-a yaxın atəş açılıb. O, canını çətinliklə qurtara bilib və ayaq nahiyəsindən yüngül xəsarət alıb.
Hadisəni törədən 2 nəfər axtarılır. Onların H.Qasımovu hansı səbəbdən qətlə yetirməyə çalışması hələlik dəqiq bilinmir.
Araşdırmalar davam etdirilir.
*****
12:14
Daxili İşlər Nazirliyi Bakıda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 11-də Binəqədi rayonunun Cavadxan küçəsində, şəxsiyyəti məlum olmayan 2 nəfər həmin ərazidə kirayədə yaşayan Bərdə rayon sakini Hüseyn Qasımovun istiqamətində avtomat silahdan bir neçə dəfə atəş açıb. Nəticədə daban nahiyyəsindən güllə yarası almış H.Qasımova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Binəqədi RPİ 7-ci PB əməkdaşaları tərəfindən hadisə yerindən 10 ədəd 7,62 çaplı giliz götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb.
Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
*****
20:54
Bakının Binəqədi rayonunda güllələnmə hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Cavadxan küçəsində, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısında qeydə alınıb.
Naməlum şəxs avtomat silahdan 43 yaşlı Qasımov Hüseyn Əli oğlunu güllələyib. Nəticədə Əli Qasımov güllə yaraları alıb və ətrafdakı şəxslər tərəfindən xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.
Atılan çoxsaylı güllələrdən bir neçəsi yol kənarında park edilmiş “Niva” markalı avtomobilə və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin gözətçi otağına dəyib.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisəni törədən şəxs hələ saxlanılmayıb. Onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır. Faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, güllələnən Qasımov Hüseyn Əli oğlu əvvəllər Bərdə Rayon İcra Hakimiyyətində işləyib.