Bakıda mənzillərdən oğurluq etməkdə təqsirləndirilən Fərid Əhmədov və Nigar Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə hər iki şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında hər iki şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, i F.Əhmədov və N.Ağayeva ötən ilin iyunun 10-da Bakı şəhər sakini Səadət Səmədovaya məxsus evdən 3500 manat və 500 avro pul, habelə 50 min manat dəyərində qızıl əşyalar oğurlamaqda təqsirli biliniblər. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs saxlanılıb.