Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Rabil Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son sözlə çıxış edərək yetkinlik yaşına çatmayan uşaqları olduğu üçün az müddətli cəza verilməsini hakimlər kollegiyasından xahiş edib. Hakimlər kollegiyası müşavirəyə gedib. Müşavirədən sonra məhkəmənin qərarı elan edilib və ilə Rabil Abbasova 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, keçən ilin oktyabr ayında Nəsimi rayonu ərazisindəki fərdi yaşayış evində 1979-cu il təvəllüdlü Abbasov Rabil Qabil oğlu həyat yoldaşı, 1993-cü il təvəllüdlü Bağırova Səadət Əlikram qızını bıçaqlayaraq qətlə yetirib. 22 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Rabil Abbasov ibtidai istintaqa verdiyi ifadəsində, həyat yoldaşının ona xəyanət etdiyinə görə qətlə yetirdiyini bildirib. "Yuxudan durdum ki, telefonla mesajlaşır, dedin telefonu ver, vermədi. Zorla aldım əlindən. Gördüm ki başqa bir kişi ilə danışır. Mənə xəyanət etmişdi, cəzası ölməkdi".
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmək) maddəsi ilə cinayət işi açılıb.
Rabil Abbasov əvvəllər də məhkumluq həyatı yaşayıb.
Onu da qeyd edək ki, bu onların hər ikisinin ikinci nikahı olub.