Bakı metrosuna qanunsuz yolla keçmək istəyən Belarus vətəndaşı saxlanılıb. Daxili İşlər Nazirliyi vəBaş Prokurorluğun mətbuat xidmətlərinindən Lent.az-a daxil oilan birgə məlumatda qeyd edilir ki, mart ayının 25-i saat 01.30 radələrində Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən paytaxtın Nəsimi rayonunda Bakı Metropoliteninin havalandırma sisteminin borusu ilə həmin obyektə keçmək üçün orada olan dəmir barmaqlıqları xüsusi alətlə kəsmək istəyən Belarus Respublikasının vətəndaşı İlyevskiy Sergey Timofeyeviç saxlanılıb.
Hadisə yerindən metroda istifadə edilən bir ədəd qapı açarı, əlcək, alın fənəri, müxtəlif uzunluqda iki kəndir, 10 ədəd boya balonu, 12 ədəd rəng püskürən balon başlığı, «Nikon» markalı dayağı olan fotoaparat, başa bərkitmə mexanizmli «Sony» markalı videokamera götürülüb. S.İlyevskinin üzərinə baxış nəticəsində onun Tbilisi, Yerevan metro stansiyalarında və depolarında çəkdiyi şəkillər, bu obyektlərin, eləcə də Bakı Metropoliteninin sxemi, mobil telefon və pul aşkarlanıb.
Belarus Respublikasının Azərbaycandakı Səfirliyi əməkdaşlarının yaxından iştirak etdiyi ilkin araşdırma zamanı S.İlyevskiy havalandırma sisteminin borusunda olan dəmir barmaqlıqları kəsməklə metropolitenin tunelinə daxil olmaq və divarlara qraffiti üslubda rəsmlər çəkmək istədiyini bildirib. Bununla belə, S.İlyevskinin 2016-cı il mart ayının 18-də Belarusdan Gürcüstana, iki gün sonra Gürcüstandan Ermənistana getməsi, mart ayının 23-də yenidən Gürcüstana qayıdaraq oradan Azərbaycana gəlməsi müəyyən edilib.
Fakt üzrə zəruri araşdırmalar davam etdirilir.