Ali Məhkəmədə Azərbaycanda saxlanılan nurçuların kassasiya şikayətinə baxılıb.
Lent.az-ın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib. Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən ilkin baxış iclasında vəkillər prosesin istintaqla aparılması barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatətin təmin olunmaması ilə bağlı qərar qəbul edib. Kassasiya şikayəti məhkəmənin ilkin baxış iclasının qərarından verilib.
Xatırladaq ki, hüquq-mühafizə orqanları 2013-cü ilin aprel ayında paytaxtın Xıdır Mustafayev küçəsində yerləşən mənzillərin birində axtarış aparıb. Axtarış zamanı evdə toplantı keçirən 41 nurçu saxlanılıb. Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, nurçuluğu təbliğ edən audio və video materiallar müsadirə olunub.
Yasamal rayon Məhkəməsində hakim Aqşin Əfəndiyevin sədrliyi ilə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən Eldəniz Hacıyev, İsmayıl Məmmədov, onun qardaşı Zəkəriyyə Məmmədov, Şahin Həsənovun hər biri 5 il, Rəvan Fərzəliyev isə 2 il müddətinə azadlıqdan məhrum edilib.
Onların hər biri məhkəmə zalında həbs edilib.
Onlar Cinayət Məcəlləsinin 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə ittiham olunub.