Azərbaycanda bir neçə aydır ki axtarışda olan şəxsə qarşı polis xüsusi əməliyyat keçirib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, polis fevralın 18-də Qobustan rayonunun Təklə kəndi ərazisində “VAZ” markalı avtomobili saxlayıb. Avtomobildə olan şəxslər dərhal tutularaq, rayon Polis Şöbəsinə aparılıb. Maşına baxış keçirilərkən oradan AKM markalı odlu silah da aşkarlanaraq götürülüb. Saxlanılan şəxslərin şəxsiyyətləri müəyyən edilərkən bəlli olub ki, bunlar Şamaxı rayon sakinləri Anar Əliyev, Mübariz Ömərov, Ülvi Kazımov və Lətif Nəbiyevdir. Məlumata görə, saxlanılan şəxslərdən L.Nəbiyev bir neçə ay əvvəl Şamaxı rayonunda Əziz Əzizovun Sadiq Hüseynova məxsus avtomobillə hərəkət edərkən avtomatla maşını gülləbaran edib. Lakin güllələr maşına dəysə də, xəsarət alan olmayıb. Bundan sonra isə o, axtarışa verilib.
Lent.az-ın əldə etdiyi digər məlumata görə, L.Nəbiyev və yuxarıda adı qeyd olunan Sadiq Hüseynov kriminal aləmə bağlı şəxslərdir. Onlar arasında xeyli vaxtdır, “razborka”lar olurmuş. Saxlanılan “VAZ” markalı avtomobildəki digər 3 nəfərin də L.Nəbiyevin başçılıq etdiyi kriminal qrupun üzvləri olduğu ehtimal olunur.
Lent.az-ın əldə etdiyi digər məlumata görə, həm L.Nəbiyev, həm də S.Hüseynov özlərini Şamaxıda “qanuni oğru” elan ediblər.
Hazırda araşdırmalar davam etdirilir.