Azərbaycanda bu ilin yarım rübündə 1807 narkotik cinayəti törədilib. Lent.az-ın məlumatına görə, bu sözləri daxili işlər nazirin müavini Vilayət Eyvazov bu gün keçirilən kollegiya iclasında deyib.
O bildirib ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotiklərlə əlaqədar 1807 cinayət, o cümlədən satışı ilə bağlı 478 fakt müəyyən edilib, 77 nəfərdən ibarət 22 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz dövriyyədən ötən ilin 6 ayı ilə müqayisədə 16 faiz çox və ya 432 kiloqram narkotik vasitə çıxarılıb, həmçinin, xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə ümumi çəkisi 90,2 ton olan çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.
İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında davam etdirilən tədbirlərlə müqayisə edilən dövrə nisbətdə 60 faiz çox, yəni 80 cinayət müəyyən olunub. Həmin faktlar əsasında başlanılmış cinayət işləri üzrə 11 nəfər məhkəmə məsuliyyətinə verilib və bu əməllərin qurbanı olmuş 25 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.