Kürdəmir rayonunda dəhşətli qətl hadisəsi törədilib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Kürdəmir şəhər Heydər Əliyev prospekti 2 ünvanında 1982-ci il təvəllüdlü Süleymanov Qeyrət Həsrət oğlu 2010-cu il təvəllüdlü Mahmudova Mələk Ceyhun qızını amansızlıqla öldürüb. 31 yaşlı kişi 3 yaşlı körpə qızı döyüb, daha sonra isə boğaraq öldürüb.
Məlumata görə, Q.Süleymanov həmin azyaşlının anası ilə qeyri-rəsmi nikah münasibətində olub. Uşaq isə qadının birinci həyat yoldaşından olub.
31 yaşlı Q.Süleymanovun verdiyi işgəncə və əziyyətlərə dözməyən qadın, nəhayət bir neçə gün əvvəl evdən qaçıb. Lakin Q.Süleymnaov gedərkən ona uşağını özü ilə aparmağa imkan verməyib. Qadın isə polisə şikayət ərizəsi yazaraq başına gələnləri nəql edib. Bundan sonra Q.Süleymanov daha da özündən çıxıb. O qadından ərizəsini geri götürməsini tələb edib. Əks təqdirdə azyaşlı qızını öldürəcəyi ilə hədələyib. Mayın 9-u günorta saatlarında isə məlum hadisə baş verib.
Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.