Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycana qaçaqmalçılıqla civə gətirməkdə təqsirləndirilən Qazaxıstan vətəndaşı, Durmuşxan Çumanidzenin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclasında dövlət ittihamçısı çıxış edərək, cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib: "İstintaq zamanı kobud pozuntulara yol verilib. İttihamda qeyd olunub ki, Durmuşxan Çumanidze 628,5 qram civəni satış məqsədi ilə saxlamaq və qaçaqmalçılıqda təqsirləndirilir. Zəhərli maddələrin külli miqdarı qanunla müəyyən olunub. Lakin civənin külli-miqdarını müəyyən etmək mümkün deyil. Durmuşxan Çumanidze 12 aprel 2015-ci ildə civəni əldə edib, 15 apreldə Azərbaycana keçirərkən saxlanılıb. Həmin qanun da 2015-ci ilin aprelin 23-də təsdiqlənib. Qanunun geri şamil olunduğunu nəzərə alaraq, şəxsin müdafiə hüququnun pozulduğunu, daha ağır maddələrlə ittiham edildiyini deyə bilərəm".
Təqsirləndirilən D.Çumanidze və vəkili vəsatəti müdafiə edib. Hakimlər kollegiyası qərarı ilə cinayət işinə baxılmasına xitam verilib və iş təkrar araşdırılması üçün ibtidai istintaqa qaytarılıb.
Qeyd edək ki, əslən gürcü olan Qazaxıstan vətəndaşı D.Çumanidze Rusiyadan Azərbaycana qaçaqmalçılıq yolu ilə civə gətirməkdə ittiham edilir. O, Cinayət Məcəlləsinin 206-cı (Qaçaqmalçılıq) və 240.3.2-ci (Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma; külli miqdarda olduqda) maddələri ilə ittiham olunur.