İraq da Ukraynanın bu ölkəyə satdığı 42 ədəd BTR-4 transportyorunu geri göndərib
İraq Ordusu Ukrayna istehsalı olan BTR-4 tipli zirehli transportyorları silahlanmaya qəbul etməkdən imtina edib.
APA-nın Rusiya hərbi saytlarına istinadən verdiyi məlumata görə, bu günlərdə İraq hökuməti cari ilin mart ayında Ukraynadan yola salınmış 42 ədəd BTR-4 transportyoru yüklü gəmini qəbul etməyərək geri göndərib. Nəticədə Hindistan sahillərinə yan alan gəmiyə burada həbs qoyulub.
İraqın bu addımına səbəb BTR-4-lərin qüsurları ilə bağlı olub. Xüsusilə də bu maşınların qaynağı zamanı yol verilmiş kobud səhvlər belə bir qərarın qəbulu ilə nəticələnib.
Ukrayna tərəfi BTR-4-ü son illər beynəlxalq səviyyədə milli imkanlar əsasında hazırlanmış yeni zirehli transportyor kimi təqdim edir. Bundan əvvəl Tailanda ixracatı həyata keçirilən BTR-4 Ukraynada ötən il, sabiq müdafiə naziri Dimitri Salamatinin əmri ilə silahlanmaya qəbul edilib. İraqa satılan BTR-4 transportyorları “Parus” adlı döyüş modulu ilə silahlandırılıb.
Ukrayna İxraca nəzarət Komitəsinin məlumatına görə, 2012-ci ildə İraqa 40 ədəd BTR-4, 8 ədəd BTR-4K, 9 ədəd BTR-80UP-KR və 2 ədəd BTR-80UP-R satılıb. İraq 2009-cu ildə “Ukrspetseksport” Konserni ilə imzaladığı müqavilə çərçivəsində bu ölkədən 420 BTR (270 ədəd BTR-4 (“Parus” döyüş modulu ilə), 80 ədəd BTR-4K komanda maşını, 30 ədəd BTR-4KŞ komanda qərargah maşını, 30 ədəd BSEM-4K zirehli tibbi maşın və 10 ədəd BREM-4 zirehli evakuasiya maşını almalıdır.
Qeyd edək ki, son onillikdə Azərbaycan da Ukraynadan 150 ədəd BTR-70, 3 ədəd BTR-3U tipli zirehli transportyor, 17 ədəd BTS-5B tipli zirehli evakuasiya maşını alıb.
APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə isə, Azərbaycan hələ bir neçə il əvvəl Ukraynanın təklif etdiyi BTR-3 və BTR-4 transportyorlarından imtina edib. Buna səbəb isə alınmış birinci partiya BTR-3-lərdə qaynaq problemləri, eləcə də heyətin daşınması zamanı meydana çıxan problemlər olub. Eyni problemlər BTR-4-lərdə də mövcud olub.
“BTR-3 və BTR-4 maşınları bir çox vacib göstəricilərində faktiki olaraq özündən əvvəlki BTR-70 və BTR-80 ilə fərqlənmir. Zirehli müdafiə gücləndirilməyib, idarəetmə isə əvvəlki kimi mürəkkəb olaraq qalır”, - deyə mənbə bildirib.
Mənbənin məlumatına görə, Azərbaycanda dağlıq şəraitdə keçirilmiş testlərdə yerli mütəxəssislər tərəfindən modernləşdirilmiş BTR-70 transportyorları Ukrayna istehsalı olan BTR-3 və BTR-4-lərdən daha yüksək manevrlilik və performans ortaya qoyub. Eyni zamanda maşınların idarəetməsi sadələşdirilib.