Azərbaycan neft-qaz sənayesində qazma işlərinin tarixi, bu günü və perspektivləri
10 sentyabr 2019 07:30 (UTC +04:00)

Azərbaycan neft-qaz sənayesində qazma işlərinin tarixi, bu günü və perspektivləri

 

Heç kimə sirr deyil ki, müstəqil Azərbaycanın yüksəliş dövrünün əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının uğurları ilə qoyulub. Məhz həmin strateji kursun nəticəsində “Əsrin müqaviləsi”nin həyata vəsiqə alması ilə gənc, müstəqil Azərbaycan dövləti karbohidrogen ehtiyatlarından sərbəst surətdə istifadə etmək imkanı qazanıb. Ötən müddətdə neft strategiyası çərçivəsində əldə olunmuş uğurlar Azərbaycanın iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu xeyli artırıb, ölkəmiz qlobal enerji və nəqliyyat layihələrinin əsas təşəbbüskarı və fəal iştirakçısına çevrilib.

 

Amma hər şey belə asan başa gəlməyib. Azərbaycan nefti, Azərbaycan neftçiləri böyük bir şanlı tarixə də şahidlik ediblər. Neft tarixindən söz düşəndə, nədənsə ilk yadıma düşən “Nəsimi” filmində Miranşahın atası Əmir Teymura dedikləridir. Əlincə qalasını illərlə mühasirədə saxlayan varis qalanı fəth edə bilməməsinin bir səbəbini də belə izah edir: “Bakıdan gizli yollarla neft gətirib qaladan başımıza od tökürlər”. Hə, Bakı neftinin tarixi çox uzaqlara gedib çıxır. IX əsrdə yaşamış ərəb tarixçisi Əhməd Əl-Bəlaruri, sonrakı dönəmlərdə Əbu İshaq İstəxri və Əbu Həsən Əli Məsudi Bakının neftli torpağı barədə yazmışlar. İtaliyalı səyyah Marko Polo, alman diplomat Adam Oleari də Bakı neftinə öz qeydlərində yer ayırıblar.

Tarixi mənbələrə inansaq, Abşeronda ilk neft quyusunu 1594-cü ildə Allahyar Məmməd Nuroğlu qazıb. Əmin Əhməd Razinin məlumatına görə, XVI əsrin əvvəlində Bakı ətrafında 500-dək belə neft çalası və quyusu olub.

Ümumiyyətlə, Azərbaycan neft sahəsində dünya miqyasında bir çox “ilk”lərə imza atıb. 1803-cü ildə Qasımbəy Mənsurbəyov Bibi-Heybət yaxınlığında iki neft quyusunu qazdırıb. 1847-ci ildə dünyada ilk dəfə olaraq Bibi-Heybət ərazisində mexaniki üsulla neft quyusu qazılıb və sənaye əhəmiyyətli neft çıxarılmağa başlanmışdır. 1871-ci ildə yenə dünyada ilk dəfə Balaxanıda neft quyusu yeni qazma üsulu, yəni ağac ştanqların tətbiqi və zərbə yolu ilə qazıldı, “Balaxanı-Sabunçu-Ramanı” yatağı sənaye üsulu ilə işlənilməyə başlandı. Bir maraqlı fakt, təsəvvür edin, 1899-1901-ci illərdə Azərbaycan il ərzində təxminən 11.5 milyon ton neft ixrac etməklə dünyada birinci yeri tutmuşdu. Müqayisə üçün həmin ildə dünyanın ən böyük dövlətlərindən olan ABŞ 9.1 milyon ton neft hasil etmişdi.


 

Azərbaycan öz adından bir də İkinci dünya müharibəsi zamanı söz etdirdi. 1941-ci ildə Azərbaycanın istehsal etdiyi 23.5 milyon ton neft SSRİ-də çıxarılan neftin 71.4 %-ni təşkil edirdi. 1949-cu ildə isə Azərbaycan dünya neft tarixinə daha bir möhtəşəm “ilk”lə damğasını vurdu. Belə ki, həmin il “Neft Daşları” yatağı kəşf olundu və dünyada ilk dəfə dənizdə neft quyusu qazıldı. Orada qazılan quyu 1949-cu ilin noyabr ayının 7-də neft verdi və “Neft Daşları” dünya miqyasında açıq dənizdə kəşf edilmiş birinci yataq oldu, Ginnesin Rekordlar kitabına düşdü. Bu il 70 illiyini qeyd edəcək “Neft Daşları”ndakı yataqlardan indiyədək 180 milyon tonadək neft hasil olunub. 1971-ci il martın 28-də respublikamızda ümumilikdə milyardıncı ton neft çıxarıldı. Yeri gəlmişkən, ümummilli lider Heydər Əliyev “Neft Daşları”nı əsrdən əsrə atılmış körpü adlandırıb. Bu sözlərin dərin mənası var. Çünki “Neft Daşları”nın ardınca bu böyük xəttin üstündə “Günəşli”, “Çıraq”, “Azəri”, “Kəpəz” və zəngin ehtiyatlara malik digər yataqlar aşkar olunub. Bu gün onlar hələ də bütün dünyaya səs salmağa davam edir.

 

70-80-ci illər Azərbaycan neft sənayesinin yüksəliş dövrü hesab edilə bilər. Həmin illərdə dənizin 200 metr dərinliyindəki sahələrdə işləməyə imkan verən “Şelf-1” üzən qazma qurğusundan istifadəyə başlanıldı. Sonra ardıcıl olaraq “Şelf-2”, “Şelf-3”, “Şelf-4” və “Şelf-5” qurğuları istifadəyə verildi, 1980-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı.

SSRİ-nin dağılma ərəfəsi və ondan sonrakı iki il ərzində Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi neft sənayesində də durğunluq dövrü yaşandı. Hər şey ulu öndərin təşəbbüsü və gərgin əməyi iləə ərsəyə gələn “Əsrin müqaviləsi”ndən sonra başladı. Həmin il sentyabrın 20-də “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” (AÇG) yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş imzalandı.

Bir neçə gündən sonra 25 illiyi qeyd olunacaq “Əsrin müqaviləsi” ölkə tarixinin ən parlaq səhifələrindən biridir və müstəqil Azərbaycanın tərəqqisi bu məşhur müqavilə ilə başlanıb. Bir maraqlı fakt; İşlənmənin əvvəlindən indiyədək AÇG-də ümumilikdə 124 neft hasilat quyusu, 44 su və 7 qaz injektor quyusu istismarda olub. Bu ilin yanvar-iyun aylarında isə blokda 7 neft hasilat quyusu qazılıb.

Yeri gəlmişkən, təkcə ötən il ərzində Azərbaycanın neft-qaz sektorunda 334 919 metr qazma işləri aparılıb ki, bu göstərici 2017-ci illə müqayisədə 14,6% çoxdur.

2018-ci ildə aparılan qazma işlərinin 160 240 metri (2017-ci ildə 137 693 metr olub) SOCAR-ın, 174 679 metri (2017-ci ildə 154 589 metr olub) isə Azərbaycanda olan başqa operatorların payına düşüb.

Qeyd edək ki, 2018-ci ildə SOCAR üzrə quyuların orta qazma dərinliyi 1 878 metr təşkil edib, bu da 18,3% artım deməkdir.

Məlumata görə, yeni texnologiyaların tətbiqinə önəm verən SOCAR hazırda quyuların qazılmasında müxtəlif üsullardan istifadə edir:

Rotor qazıması: Bu halda quyudibinə endirilmiş balta, qazma boruları ilə birlikdə quyuağzında yerləşdirilmiş rotor vasitəsilə hərəkətə gətirilir;

Turbin qazıması. Bu zaman balta və onun üstündə yerləşdirilmiş turbin qazma boruları ilə quyudibinə buraxılır. Turbin quyudibində qazma borularının içərisinə yüksək təzyiqlə vurulan yuyucu mayenin enerjisi ilə hərəkətə gətirilir və turbinin fırlanma hərəkəti baltaya ötürülür.

Elektrik qazması. Bu halda balta, onun üstündə yerləşdirilmiş xüsusi elektrik mühərriki vasitəsilə quyudibində hərəkətə gətirilir.

Bir maraqlı detalı da mütləq qeyd edək ki, SOCAR 2000-ci ildən indiyədək 2,8 milyon metrədək qazma işləri həyata keçirib və 1550-dək hasilat quyusu qazıb. Son 2 ildə isə şirkət qazma işlərinin həcmini 66 faiz artırıb. SOCAR-ın həyata keçirdiyi qazma işlərinin 20 faizədək hissəsini SOCAR AQŞ, 80 faizdən çoxunu Kompleks Qazma İşləri Tresti görüb.

Azərbaycanın qazma sənayesində xüsusi yeri olan SOCAR-AQŞ MMC isə inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. SOCAR-AQŞ MMC-nin əsas fəaliyyəti Xəzər dənizinin neft və qaz yataqlarında quyuların qazılmasından ibarətdir. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının maili və horizontal qazılması, quyuların mənimsənilməsi, əsaslı təmiri, yan lülələrin qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

Ötən illərin statistikasına qayıtmadan bir maraqlı bir məqama da toxunaq. Yaxın vaxtlarda Xəzərin Azərbaycan sektorunda , “Abşeron” yatağında “ABD-001” ilk hasilat quyusunun qazma işləri başa çatacaq.

“SOCAR-ın “Heydər Əliyev” adına yeni yarımdalma üzən qazma qurğusu artıq ötən ildən “Abşeron” yatağındakı ilk quyuda qazma işinə başlayıb. Bu quyunun dərinliyi 7400 metrdən çox olacaq. Bu, rekord göstəricidir. Daha sonra həmin qurğu BP ilə müqavilə çərçivəsində “Şəfəq-Asiman” layihəsi çərçivəsində axtarış quyusunda qazmaya başlayacaq.

 

 

Xəzərin Azərbaycan sektorunda “Abşeron” yatağında ABD-001 quyusunda ilk qiymətləndirmə və hasilat qazma işləri qazma işləri suyun 450 metr dərinliyində H.Əliyev adına yeni yarımdalma qazma qurğusu vasitəsilə həyata keçirilir. Quyunun gözlənilən sutkalıq debiti 2 min ton kondensat və 4,3 mln. kubmetr qaz təşkil edir.

“Abşeron” yatağının işlənməsi üzrə I faza illik 1,5 mlrd. kubmetr qaz hasilatını nəzərdə tutur. İndiki mərhələdə hasilatın həcmi illik 1,5 mlrd. kubmetr qaz təşkil edə bilər, layihə çərçivısində bu rəqəm illik 5 mlrd. kubmetrə çata bilər.

2019-cu ilin II rübündə SOCAR öz imkanları hesabına müstəqil olaraq 1,928 mln ton neft, 1,672 mlrd kubmetr qaz hasil edərək, hasilat səviyyəsini əvvəlki ilin müvafiq dövrünə nisbətən sabit saxlamağa nail olub.

Şirkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit qalması üçün həyata keçirilən kompleks tədbirlər planın icrası davam etdirilmiş, istismardan çıxarılmış bir sıra köhnə quyuların fəaliyyəti bərpa olunub, qazma işlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən artırılıb. Cari ilin ikinci rübündə şirkət üzrə 41 593 metr qazma işi aparılıb.

Kompleks qazma və quyu xidmətləri göstərən SOCAR AQŞ bu günlərdə “Qərbi Abşeron” yatağı 10 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 815 metr olan 65 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz, keyfiyyətlə və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.

Müəssisə, eyni zamanda 10 saylı özüldən layihə dərinliyi 780 metr olan 18 nömrəli quyuda qazma işlərinə start verib. 18 nömrəli quyunun Qırmaki altı Lay Dəsti (QAD) horizontuna qazılması planlaşdırılır.

Qeyd edək ki, müəssisə 10 saylı stasionar dəniz özülündə yeni nəsil qazma avadanlığı olan “Drilmec HH 300” vasitəsilə quyuların qazılmasını həyata keçirir.

Dəyərlərinə daim sadiq qalan SOCAR AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək.

Hal-hazırda SOCAR AQŞ dayaz sulu ‘’Günəşli ‘’yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 10 saylı və ‘’Bulla’’ yatağında 6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ) qazma işləri aparır.

Yazı “SOCAR-AQŞ” MMC və Azərbaycan Mətbuat Şurasının “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi münasibətilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.

Səbuhi Məmmədli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 737
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21