Rayon rəsmisi: “Ayının balasının oğurlanması yalandır”
İyunun 23-də axşam saatlarında Şamaxı rayonunda insanların ayının hücumuna məruz qalmasının bütün detallarına aydınlıq gətirilib. Şamaxı rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Nadir Məmmədov Lent.az-a bildirib ki, hadisə vaxtı xəsarətlər almış 1996-cı il təvəllüdlü Nuriyeva Fəridə Rəşid qızı evə buraxılıb və onun vəziyyəti yaxşıdır: “Hadisədən dərhal sonra hər iki yaralı Şamaxı rayon Mərkəzi Xəstəxanasına gətirilib. Qıza tibbi yardım göstərilib və xəsarətləri yüngül olduğundan o, ambulator müalicəyə yazılıb. 1964-cü il təvəllüdlü Allahverdiyev Sahib Yengivar oğlu isə elə xəstəxananın baş həkiminin özü tərəfindən təcili tibbi yardım maşını ilə Bakıya aparılıb”.
Şöbə müdiri zərərçəkmiş qızın atasının həmin ayının balasını oğurlaması və hadisələrin də buna görə baş verməsi barədə yazılanlara da aydınlıq gətirib. N. Məmmədov deyib ki, bu xəbərlər tamamilə əsassızdır: “Yalan söhbətdir. Elə bir şey olmayıb. Əslində hadisə belə olub. Ac ayı örüşdən qayıdan inəyin arxasına düşüb. Ayının hücumuna məruz qalmış inək kəndin aşağısına tərəf götürülüb. Zərərçəkən Nuriyeva Fəridə də həmin vaxt kəndin aşağısında olub. Ayı qıza burada xəsarət yetirib. Amma camaat ayını qova bilib. Qaladərəsi kəndindən Çeşmədil kəndinə tərəf qaçan ayı bu dəfə kəndin mal-qarasını otaran S.Allahverdiyevə rast gəlib və ona xəsarət yetirib”.
Şöbə müdirinin dediyinə görə, həqiqətən də həmin gün kənddə toy olub. Amma ayı məclisin keçirildiyi həyətə və ya deyildiyi kimi mağara daxil olmayıb. N.Məmmədov bir məqama da aydınlıq gətirdi. Onun dediyinə görə, adıgedən kəndlərin sakinləri ovçuluqla məşğul olmurlar və kənddə heç kimdə tüfəng yoxdur: ”Toy kəndin yuxarı tərəfində olub. Ayı isə S.Allahverdiyevlə kəndin aşağı hissəsində rastlaşıb. Ümumiyyətlə, hadisənin baş verdiyi kənd kiçik kənddir”.
Hadisənin şahidlərinin dediyinə görə, ayı orta ölçülərdə olub. Bunu şöbə müdiri də təsdiqləyir. Onun dediyinə görə, Şamaxının dağ kəndlərində ayılar adətən arı pətəklərindən bal yemək üçün evlərin həyətlərinə daxil olurlar. Heyvanın insanlara hücum çəkməsi isə nadir hallarda baş verir.