AXCP sədrinin müşaviri Məmməd İbrahimin kassasiya şikayəti icraata verilib.
Bu barədə Lent. az-a vəkil Yalçın İmanov məlumat verib.
Vəkilin sözlərinə görə, Ali Məhkəmədə keçiriləcək kassasiya şikayəti üzrə məhkəmə iclası hakim İlham Cəfərovun icraatına verilib. Y. İmanov məhkəmə prosesinin vaxtının hələ açıqlanmadığını deyib.
Qeyd edək ki, M.İbrahim 2014-cü ildə AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə 2015-ci il sentyabrın 30-da həbs olunub. Əvvəlcə ona qarşı Cinayət Məcəlləsinin (CM) 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. Hadisədən bir ay sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra M.İbrahimə qarşı ittiham irəli sürülən maddə ağırlaşdırılaraq CM-nin 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsinə tövsif olunub.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə M.İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi də hökmü dəyişdirmədən saxlayıb.