Livanda ölən idmançımızın anası Beyruta gedəcək - <span style="color:red;">YENİLƏNİB
31 avqust 2017 12:19 (UTC +04:00)

Livanda ölən idmançımızın anası Beyruta gedəcək - YENİLƏNİB

 

Azərbaycanlı idmançı Xəzər Əliyevin Livanın paytaxtı Beyrutda yol qəzasında ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

 

Xəzər Əliyevin hazırda Beyrutda olan dostu APA-ya açıqlamasında bildirib ki, idmançı Beyruta istirahət məqsədilə səfər edib.

 

X. Əliyev gecə saatlarında dostları ilə birgə klubda əyləniblər. Səhərə yaxın taksi ilə qaldıqları ünvana qayıdarkən sürücü ilə mübahisələri düşüb. Sürücü onları 130-140 km/saat sürət həddi olan magistralda körpünün üstünə düşürüb. 

 

X. Əliyev avtomobildən düşərək yolu keçmək istəyərkən onu maşın vurub.

 

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan X. Əliyev dərhal əməliyyat olunub, 8-9 litr qan köçürülüb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

 

"Buna baxmayaraq, xəstəxana əməliyyat üçün 12 min ABŞ dolları tələb edir. Bundan başqa meyitinin göndərilməsi üçün 6-7 min dollar da istəyiblər", - deyə o bildirib .

 

X. Əliyevin dostu onu da əlavə edib ki, hadisəni törədən sürücü tutulub, faktla bağlı cinayət işi başlanıb.

 

Azərbaycanın Livandakı səfirliyinin konsulu Şahin Pənahov da məsələyə münasibət bildirib.

 

Ş. Pənahov APA-ya açıqlamasında deyib ki, azərbaycanlı idmançı Xəzər Əliyev dostu ilə gəzmək və ya işləmək məqsədi ilə  Beyruta gedib: “Hansı məqsədlə burada olması barədə dəqiq məlumat yoxdur. Avqustun 27-də onlar səhərə yaxın klubdan içkili vəziyyətdə çıxıblar. İki dostdan birini maşın vurub. Yaralı xəstəxanaya çatdırılıb. Təxminən səhər saat 6-dan 11-ə kimi üzərində əməliyyat keçirilib. Xəstəxanadan bildirildiyinə görə, ona 8 litrə yaxın qan burulub. İndi xəstəxana əməliyyat üçün 12 min dollar pul tələb edir, pulun verilməyəcəyi təqdirdə meyiti verməyəcəyini bildirir”.

 

Konsul bildirib ki, onlar qəzanı törədən və onun qohumları ilə bu məsələ ilə bağlı görüşüblər: “Polisdə belə bir razılığa gəldik ki, onlardan şikayət edilməyəcək, əvəzində isə qarşı tərəf xəstəxana və meyitin Azərbaycan göndərilməsi xərcini üzərinə götürəcək. Polis bu məsələni həll etmək üçün 48 saat vaxt qoydu. Hadisə ilə bağlı istintaq da hələ davam edir. Lakin qarşı tərəf tələb edir ki, mərhumun anası şikayət etməyəcəyi ilə bağlı vəkalət göndərsin, yalnız bundan sonra xərcləri ödəməyə hazırdırlar. Anası ilə əlaqə saxlamışıq, anası bildirib ki, vəkalət göndərmir, özü Beyruta gələcək və şəxsən prosesdə iştirak edəcək. Biz hazırda anasını gözləyirik ki, qarşı tərəflərlə danışıqlar aparsın”.

 

**

11:51

“Azərbaycanın Livandakı Səfirliyinə istinadən bildiririk ki, Azərbaycan vətəndaşı, 06.02.1994-cü il təvəllüdlü Əliyev Xəzər İntiqam oğlunun iştirakı ilə Livanın Beyrut şəhərində 28 avqust tarixində səhər 5.30 radələrində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsində Əliyev Xəzəri avtomobil vurub”.
 
Bu barədə APA-ya XİN-in mətbuat xidmətindən bildirilib. Əliyev Xəzər hadisəni törədən şəxsin iştirakı ilə təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanaya çatdırılıb və ona ilkin yardım göstərilməsinə baxmayaraq həmin gün təqribən saat 11.00 radələrində vəfat edib. Mərhumun üzərində olan pasport sənədi əsasında Beyrut şəhər polisi Azərbaycan Respublikasının səfirliyi ilə əlaqə saxlayıb.
 
Dərhal səfirliyin konsulluq xidmətinin əməkdaşları xəstəxanaya gəlib, polis və tibb işçiləri ilə birlikdə cənazəyə baxış keçirilib və mərhumun şəxsiyyətini müəyyən edilib.
 
Səfirlik tərəfindən XİN-nin Konsulluq İdarəsinin təlimatı əsasında zəruri tədbirlər görülüb, ilk növbədə mərhumun ailəsinə məlumat verilib və faktla bağlı cinayət işi açılması təmin edilib.
 
Livanda olduğu müddətdə Əliyev Xəzər səfirlikdə konsulluq qeydiyyatında olmayıb. Onun səyahət sığortasının da olmadığı bildirilir. Xəstəxana göstərilən tibbi xidmətin müqabilində ödəməni tələb edir.
 
Digər ölkələrdə olduğu kimi, büdcə təşkilatları olan Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin büdcəsində bu kimi hallar üçün büdcə vəsaiti nəzərdə tutulmayıb.
 
Azərbaycan Respublikasının Livandakı səfirliyi Beyrut polisi, xəstəxana və hadisəni törədən şəxs və onun vəkili ilə təmasları davam etdirərək cənazənin Azərbaycana göndərilməsinin təmin edilməsinə çalışır.
 
XİN-nin Konsulluq İdarəsi məsələni diqqətdə saxlayır.

 

***

 

11:32

 

Azərbaycanlı idmançı, MMA növü ilə məşğul olan Xəzər Əliyev bir neçə gün əvvəl Livanın paytaxtı Beyrutda yol qəzası nəticəsində vəfat edib. İdmançının dostları Lent.az-a bildiriblər ki, internat məktəbində böyüyən Xəzərin meyitinin ölkəyə gətirilməsi problemə çevrilib və onun nəşi Beyrut morqunda saxlanılır: “Xəzərin meyiti 3 gündür ki, morqda qalıb. 12 min dollar əməliyyat pulu, 7-8 min dollar da meyitin göndərilməsi üçün istəyirlər. Səlahiyyəti və imkanı olan şəxslərdən xahiş edirik, bu məsələdə yardımlarını əsirgəməsinlər”.

 

Qeyd edək ki, X.Əliyev əslən Naxçıvanın Şərur rayonundandır və Ordubadda internatda böyüyüb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 246
avatar

Nizam Rza

Oxşar yazılar