Saxta sənəd düzəltməkdə, iş adamı olan həyat yoldaşına qarşı dələduzluqda və polisə müqavimətdə təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş iş adamı Barat Abdullayev dindirilib.
Barat Abdullayev bildirib ki, Təyminə Abdullayevə ilə 1990-ci ildə ailə həyatı qurub, birgə nikahdan 14 yaşlı oğlan övladı var.
Biznesmen ifadəsində qeyd edib ki, arvadı ona məxsus dəyəri 890 min manat olan mənzilini dələduzluq yolu ilə satıb: “Təyminə ilə 26 illik evliyimiz dövründə hər zaman münasibətlərimiz yaxşı olub. Həmin dövr ərzində heç zaman məndən xəbərsiz bir iş görməzdi. Onun kiməsə də borcu olduğuna inanmazdım. Çünki olsaydı, mənə deyərdi. Sonradan bildim ki, Təyminənin kimlərəsə uzun müddətdir borcu varmış”.
Barat Abdullayev bildirib ki, həyat yoldaşı və övladı ilə birgə yaşadığı mənzil Nizami küçəsində yerləşir: “Həmin mənzili birgə nikah dövründə almışıq. Həmin vaxtı mən tez-tez işlərlə əlaqədar xarici ölkələrdə olurdum. Ona görə də ev Təyminənin adına rəsmiləşdirildi. Sonradan xəbər tutdum ki, Təyminə evi lizinq şirkətinə qoyaraq pul götürüb. Bunun səbəbini soruşanda Təyminə gözəllik salonu aldığını dedi. Pulu da tanış olduğu Səkinə adlı qadına verdiyini bildim. Lizinq şirkəti evə görə Təyminəyə 110 min manat pul verib. Sonra düşdüm getdim gözəllik salonuna baxaq. Adı çəkilən gözəllik salonu Əhmədlidə, Bakı Kinoteatrının yaxınlığında idi. Həmin yerə girdim, məlum oldu ki, həmin salon Səkinənin deyilmiş. Səkinəni axtarsaq da, həmin şəxsi tapa bilmədik”.
İş adamı dindirilən zaman həyat yoldaşı tərəfindən aldadıldığını deyib: “Həmin mənzili mənim pulumla alıb. Lakin satılan zaman mənim xəbərim olmayıb. Biz bir ailə idik. Necə olur ki, mənim xəbərim olmadan mənzil satılıb və yaxud başqa bir öhdəlik qoyulub. Onu araşdırdım, məlum oldu ki, Təyminə şəxsiyyyət vəsiqəsində subay yazdıraraq mənzilimizi lizinq şirkətinə qoydurub”.
Barat Abdullayev qeyd edir ki, məlum hadisələr olan zaman həmin mənzildən çıxıb: “Həmin evdən çıxdım. Təyminə orda yaşayır. Özümə məxsus, kişi üçün olan qızıllarımı istədim. Lakin məlum oldu ki, həmin qızıllarım da yoxdur. Ona aldığım qızılları heç tələb etmirəm”.
Zərərçəkmiş şəxs daha sonra prokurorun və təqsirləndirilən Təyminə Abdullayevanın vəkillərinin suallarını cavablandırıb.
Vəkillərin suallına cavab olaraq iş adamı deyib ki, ona həm mənəvi, həm də maddi ziyan dəyib.
Vəkil Janna Bağırovanın sualı zərərçəkmiş şəxsə təsir edib. Janna Bağırova sualında bildirib ki, onu həyat yoldaşını tutdurmağa nə vadar edir?: “Hansı maddi zərər vurulub ki, bu qadının tutulmasını istəyirsiz? Sizin 14 yaşlı oğlunuzun anası deyilmi? Xoşunuzamı gəlir, hansısa kişilər tərəfindən oğlunuzun anası qolundan tutularaq maşına zorla mindirilsin?”.
Barat Abdullayev deyib ki, məsələnin mənəvi tərəfləri var: “Burda siz məni sanki doğru yolda olmayan bir adam kimi göstərirsiniz. Məsələ təkcə bu qədər deyil. Burda ancaq bunu deyə bilərəm. İşin materialları ilə tanış olanda mənim nə demək istədiyimi bilirsiniz. Sizin suallınız mənə pis təsir edir”.
Janna Bağırova qeyd edib ki, həmin mənzil birgə nikah dövründə alındığı üçün mənzildə Təyminə Abdullayevanın da hüququ var: “Məhkəmə qətnaməsi var. Ev yarı şəkildə bölünür. 890 min demirsiniz, deməli, o evin 445 mini Təyminə Abdullayeva məxsusdur”.
Bu zaman zərərçəkmiş şəxsin nümayəndələri və təqsirləndirilən şəxsin vəkilləri arasında mübahisə yaranıb. Nümayəndələr elə adda bir qətnamənin olmadığını deyiblər. Hakim hər iki tərəfi sakitləşdirib.
Təyminə Abdullayevin digər vəkili Vasif İsrafilovun birgə nikah dövründə neçə adda əmlaklarının olduğu suallına Barat Abdullayev cavab verməyib. O bildirib ki, xatırlamır.
Bu zaman Vasif İsrafilov 14 adda əmlakların olduğunu və bunlardan ikisinin məhz Təyminə Abdullayevanın adına rəsmləşdirildiyini deyib.
Qeyd edək ki, T.Abdullayeva həyat yoldaşı Barat Abdullayevin şikayəti əsasında saxlanılıb. Barat Abdullayev şikayətində bildirib ki, arvadı Təyminə Abdullayeva birgə nikahdan sonra əldə etdikləri yaşayış sahəsini satıb pulunu ələ keçirmək istəyib və bunu şəxsiyyət vəsiqəsini saxtalaşdırmaqla edib. Onun sözlərinə görə, bundan sonra həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirib, ona 890 min manat məbləğində ziyan vurub.
Ərinin iddialarına cavab olaraq Təyminə Abdullayeva isə bildirib ki, metronun "Əhmədli" stansiyasının yaxınlığında yerləşən “Vesta” Gözəllik Salonunda Səkinə İsmayılova ilə tanış olub. Səkinə özünü gözəllik salonunun sahibi kimi təqdim edərək, oranı T.Abdullayevaya 100 min dollara sata biləcəyini deyib. S.İsmayılovanın təklifi əsasında T.Abdullayeva evini girov qoyaraq “Faktor Lizing” MMC-dən kredit götürüb həmin obyekti almaq qərarına gəlib. Sənədlər imzalanarkən, aldadıldığını, müqavilədə evin MMC tərəfindən 250 min manata alınmasının və pulun yarısının Səkinənin ödəməsinin qeyd olunduğunu bilib. Buna görə də, digər sənədləri imzalamaqdan imtina edib. MMC bir neçə ay sonra T.Abdullayevaya pul ödəmədən evi S.İsmayılovaya satıb.
Onu da qeyd edək ki, Səbael rayon Məhkəməsində Barat Abdullayevlə Təyminə Abdullayevanın nikahın pozulması ilə bağlı məhkəmələri davam edir.