Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh bə Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun əri Arif Yunusun cinayət işi məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində hüquq müdafiəçisi Sahib Məmmədov ifadə verib. O, ifadəsində Leyla Yunusla 2001-ci ildən bəri heç bir əlaqəsinin olmadığı bildirib: "Mən prokurorluğa məhz bu məsələ ilə bağlı çağırılmamışam. 2002- i ildə Ermənistana nümayəndə heyəti ilə getmişəm. Həmin nümayəndə heyətində Leyla və Arif olmayıb. İstintaq zamanı Leylayla bağlı suallardan bildiklərimə cavab vermişəm. 2001-ci ildən sonra nə baş verib onu bilmirəm".
Bu zaman Arif Yunusun səhhətində ciddi problem yaşanıb. O, özündən gedib. Məhkəmə fasilə elan edərək, təcili tibbi yardım çağırılıb. Həkimlər Arif Yunusa tibbi yardım göstəriblər. Həkim məhkəməyə məlumat verərək bildirib ki, Arif Yunusda 3 dərəcəli hipotelina xəstəliyi var. Biz onu müalicə etdik. O, qalxa bilər amma özü qalxmır".
Hakim məhkəmə prosesini saat 13-ə qədər təxirə salıb.
Qeyd edək ki, ötən il iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb. Arif Yunus isə ötən il avqustun 5-də həbs edilib. Ona qarş Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib. Onu da qeyd edək ki, bir müddət əvvəl istintaq orqanı tərəfindən hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.