Yanvarın 12-də İmişli rayonunda qətl hadisəsi törədilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qaragüvəndikli kəndi ərazisində, kənd sakini Əhməd Əliyev qısqanclıq zəminində anası Məhbubə Əliyevanı bıçaqla qətlə yetirib.
Lent.az-ın əldə etdiyi məlumata görə, Əhməd Əliyevin 20 yaşı var. Onun atası bir neçə il əvvəl dünyasını dəyişib. Bundan sonra anası ilə birgə yaşayan oğlan bir müddət əvvəl Bakıya işləməyə gəlib. Ə.Əliyev paytaxtda fəhlə işləyirmiş. Lakin o, hər dəfə kəndə gələndə anası barədə xoşagəlməz söhbətlər eşidirmiş. Yanvarın 12-də kəndə gələn 20 yaşlı Ə.Əliyev 42 yaşlı anası ilə mübahisə etməyə başlayıb. Bu zaman məlum olub ki, qadın kənddə bir nəfərlə gizli münasibətdədir. Əsəblərinə hakim ola bilməyən gənc doğma anasını bıçaqlayaraq öldürüb.
Ə.Əliyev daha sonra polis şöbəsinə gələrək təslim olub.
Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.