Arvadını öldürməkdə təqsirləndirilən Əkbər Quliyevin cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.
Prokuror ittiham aktının elan edilib. Ə. Quliyev ittiham üzrə özünü təqsirli bilməyib. O, sərbəst ifadəsində əməlindən peşman olmadığını deyib: "Firuzə ilə 25 ildir ki, evli idik. Onu namus üstündə qətlə yetirdim. Əvvəlcə ondan şübhələndim, sonra sübuta yetirdim. Ona görə də əməlimdən peşman deyiləm”.
Daha sonra təqsirləndirilən şəxsin qızı Aytac Əhmədova və oğlu Taleh Quliyev dindirilib. Hər iki şəxs ifadəsində atalarının yalan danışdıqlarını söyləyiblər.
Taleh Qurbanov atasının həmişə qumar oynadığını deyib: "Atam yalan danışır, anam haqda böhtan atır. Onu anamı öldürdüyünə görə bağışlamıram. Atama ağır cəza verilməsini tələb edirəm. Mənim elə atam yoxdur".
Məhkəmə iyulun 6-da davam edəcək.
Qeyd edək ki, hadisə bu il mart ayının 24-də Bakının Yasamal rayonu ''Qanlıgöl'' ətrafında baş verib. Həmin ərazidə kirayədə yaşayan 43 yaşlı Ə.Quliyev qısqanclıq zəminində həyat yoldaşı, 42 yaşlı Firuzə Quliyevaya küçənin ortasında çoxsaylı bıçaq xəsarətləri yetirib. 10-dan çox bıçaq zərbəsi alan F.Quliyeva hadisə yerindəcə keçinib.
Cinayəti törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Ə.Quliyev könüllü polisə gələrək, istintaqa təslim olub.
İlkin dindirmələr zamanı saxlanılan şəxs bildirib ki, həyat yoldaşını yad kişi ilə görüb. Bunun səbəbini soruşduqda qadın həmin şəxsin tanışı olduğunu deyərək, ərinə ''işinlə məşğul ol'' söyləyib. Həyat yoldaşının etinadsızlığını qəbul edə bilməyən Ə.Quliyev hiddətlənərək bıçaqla arvadına xəsarətlər yetirməyə başlayıb.