Ali Məhkəmədə AMAY ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev barəsindəki hökmündən verilmiş kassasiya şikayəti üzrə məhkəmə keçirilib.
Lent.az-ın məlumatına görə, hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən proses təxirə salınıb. Buna səbəb A.Abdullayevin kassasiya şikayətinin geri götürməsi səbəb olub. A.Abdullayevin vəkili Osman Kazımov Lent.az-a açıqlamasında bildirir ki, müdafiə etdiyi şəxsin nədən bu qərara gəlməsi barədə məlumatı yoxdur. "Belə çıxır ki, Abdulla Abdullayev bundan əvvəlki məhkəmə qərarı ilə razıdır" sualına isə belə cavab verdi:
"Mən heç nə bilmirəm. Sadəcə məlumatım var ki, şikayəti geri götürüb".
Məhkəmə martın 16-na qədər təxirə salınıb.
Qeyd edək ki, A.Abdullayev 2015-ci ilin aprel ayının 4-də həbs edilib. Baş Prokurorluğun rəsmi məlumatına görə, 2006-2008-ci illərdə "Birlikbank" ASC-nin Müşahidə Şurasının sədri işləmiş A.Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu AMAY MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib.
Ona Cinayət Məcələəsinin 178-ci ( dələduzluq), 179-cu (mənimsəmə) maddəsi ilə ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsində A.Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Müdafiə tərəfi hökmlə razılaşmayaraq apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb. Daha sonra A.Abdullayev Ali Məhkəməyə müraciət edib.