Bakı Apellyasiya Məhkəməsində qaçaqmalçılıqda, narkotik vasitələrin qanunsuz dövriyyəsində, qanunsuz silah saxlamaqda təqsirləndirilən Namiq Həsənov, Rauf Mirzəyev, Zaur Mehdiyev və qardaşı Aftandil Mehdiyevin birinci instansiya məhkəməsinin hökmündən verdikləri şikayət üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri məhkəmənin ilkin baxış iclasından Ali Məhkəməyə kassasiya şikayəti verib. Buna görə, proses təxirə gedib. İşə Ali Məhkəmədə baxılacaq.
Qeyd edək ki, həmin şəxslər ləğv edilən Milli Təhlükəsizlik Nazirliyi tərəfindən tutulublar. Onlar qanunsuz olaraq odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının əldə edilməsində, saxlanılması, daşınması və gəzdirilməsində, habelə İrandan qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycanın ərazisinə narkotik vasitələrin daşınması hüquqazidd əməllərinin törədilməsində şübhəli biliniblər. Yaşadığı mənzillərə və üzərilərinə keçirilmiş baxış nəticəsində 2 ədəd "Makarov" tipli tapança, 33 ədəd patron, 2 ədəd tapança sandıqçası, 1 ədəd "Naqan" tipli revolver tapança və ona aid 5 ədəd patron, habelə 2 kiloqram 500 qramdan artıq qızıl məmulatları və 641 qramdan artıq gümüş və digər qiymətli metallardan hazırlanmış zinət əşyaları, külli miqdarda narkotik vasitələr - heroin, tiryək, qurudulmuş marixuana və psixotrop maddə olan diazepam aşkar edilərək götürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mehdiyev və Aftandil Mehdiyev 13 il, Namiq Həsənov və Rauf Mirzəyev 12 il müddətinə azadlıqdan məhrum edilib.