"Nardaran işi" üzrə təqsirləndirilən Elxan İsgəndərov və Əbülfəz Bünyatovun cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən, hazırda ev dustaqlığında olan Əbülfəz Bünyatov məhkəməyə təcili yardım maşını ilə və xərəkdə gətirilib.
Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı fevralın 13-nə təyin edilib.
Qeyd edək ki, Elxan İsgəndərova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilib. O, 5 noyabr 2015-ci ildə Sabunçu rayon Polis İdarəsinin qarşısında baş verən hadisələr zamanı həbs olunaraq Sabunçu rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati həbs olunub. Sonradan Sabunçu rayon prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Sabunçu rayon məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub- olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu rayon prokurorluğuna göndərilib.
Elxan İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs qətimkan tədbiri seçilib.