"Nardaran işi" üzrə təqsirləndirilən Elxan İsgəndərov və Əbülfəz Bünyatovun cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən və hazırda ev dustaqlığında olan Əbülfəz Bünyatovun məhkəməyə gələ bilmədiyi elan olunub. O, yataq xəstəsi olduğu üçün bu prosesdə iştirak edə bilməyib.
Ona görə də proses yanvarın 19-na təyin edilib.
Qeyd edək ki, E. İsgəndərova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan olunub. O, 5 noyabr 2015-ci ildə Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələr zamanı həbs olunaraq Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati həbs olunub. Daha sonra Sabunçu rayon prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Sabunçu Rayon Məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu Rayon Prokurorluğuna göndərilib. Sonradan cinayət işi araşdırılması üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə göndərilib. E. İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs-qətimkan tədbiri seçilib.
Hazırda Ə. Bünyatovun səhhətində problem olduğuna görə, o, polisin nəzarəti altına verilib.