Hazırda həbsdə olan kriminal aləmdə "Lotu Quli" kimi tanınan Nadir Səlifovun bacısının əri Vidadi Hüseynovun cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Hakim Ramella Allahverdiyeva bildirib ki, V. Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bu gün başa çatır. Dövlət ittihamçısı çıxışında həbs qətimkan tədbirinin uzadılmasını istəyib. Təqsirləndirilən şəxsin vəkili Kamandar Nəsibov isə bildirib ki, Vidadi Hüseynovun barəsində verilən ittiham əsassızdır. Vəkil V. Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmamasını və onun azadlığa buraxılmasını məhkəmədən xahiş edib. Qərara əsasən, V. Hüseynov barəsində seçilən həbs qətimkam tədbiri qeyri-müəyyən vaxtadək uzadılıb. Məhkəmə martın 7-də davam edəcək.
Qeyd edək ki, V. Hüseynov 2016-cı ilin aprel ayının 30-da Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Saxlanılarkən onun üzərindən 12,360 qram heroin aşkarlanıb.
V. Hüseynovun barəsində Cinayət Məcəlləsinin (CM) 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi başlanılıb. V. Hüseynov hazırda həbsdə olan və "Lotu Quli" ləqəbi ilə tanınan kriminal avtoritet Nadir Səlifovun bacısının həyat yoldaşıdır.