Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi“İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir” adlı kitabın təqdimat mərasimini keçirib.
APA-nın məlumatına görə, kitabda prezident İlham Əliyevin 2003-2015-ci illərdə dövlət-din münasibətləri ilə bağlı imzaladığı sərəncamlar, tolerantlıq və multikulturalizm ideyalarını ehtiva edən çıxışları, nitqləri, görüşləri, müxtəlif beynəlxalq konfrans iştirakçılarına ünvanladığı müraciətləri, müqəddəs dini məkanlara etdiyi səfərlər, bayram və əlamətdar hadisələrlə bağlı dini konfessiya rəhbərlərinə ünvanladığı təbriklər toplanıb.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Azərbaycan sözün həqiqi mənasında dünyada tolerantlığa nümunə olan bir ölkədir: “Bu, bütün dünyada qəbul olunur. Dövlət başçısının çıxışlarının qayəsində tolerantlıq dayanır. Ona görə də biz bu fikri kitabın adı kimi seçmişik”.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cəvahirli bu gün QMİ ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birlikdə səmərəli fəaliyyət göstərməkdə olduğunu nəzərə çatdırıb: “Prezident İlham Əliyevin dini maarifləndirmə, tolerantlıq sahəsində fəaliyyətini təqdir edirik”.
Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev Azərbaycanın tolerantlıq modelinin dünyada örnəyə çevrildiyini vurğulayıb: “Ölkəmizə qonaq gələnlər gördükləri tolerantlıq nümunələrindən heyrətə gəlirlər. Elə bir günümüz yoxdur ki, qonaqlarımız olmasın. Dağ yəhudiləri olaraq, Azərbaycanı ilk gündən vətənimiz saymışıq. Bu gün yaşayırıq, gələcəkdə də yaşayacağıq. Vətənin qaratikəni yad ölkələrin gül-çiçəklərindən yaxşıdır”.
Bakı və Xəzəryanı bölgələrin yepiskopu Aleksandr ata bildirib ki, Şərqlə Qərb, Şimalla Cənub arasında körpü olan Azərbaycan zəngin təbii resurslarla bərabər, tolerant bir ölkədir: “Azərbaycanın tolerantlıq sahəsində təcrübəsi dünya ölkələri tərəfindən öyrənilməlidir”.
Tədbir çıxışlarla davam edib.