Akif Çovdarovun işində zərərçəkən olan, hazırda dələduzluqda təqsirləndirilən "Texnikabank" ASC-nin Səbail filialının keçmiş müdiri Elton Əliyevin məhkəməsi başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdəməhkəmə istintaqı açıq elan edilib. Prokuror ittiham aktını oxuyub.
Məhkəmə proses fevralın 22-də davam edəcək.
Qeyd edək ki, E. Əliyev bir müddət əvvəl ləğv edilmiş MTN-nin idarə rəisi Akif Çovdarov və digərlərinin cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb. O, istintaq və məhkəmə zamanı ifadəsində bildirib ki, MTN əməkdaşları onu qanunsuz həbs edib atası iş adamı olan Nəsib Əliyevdən 500 min dollar tələb ediblər. Atası isə həmin şəxslərə 350 min dollar verib.
E. Əliyevin barəsində həbs qətimkan tədbiri seçilməyib. Onun atası Nəsib Əliyev "Şahbulaq" MTK tikinti şirkətinin rəhbəri olub. O, hazırda həbsdədir.